Bakı. Trend:
Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında iri sənaye müəssisələrinin yaradılması ilə bağlı yeni layihələr elan ediləcək. Bu layihələr Azad Zonanın investisiya cəlbediciliyini daha da artıracaq və ixracyönümlü istehsalın genişlənməsinə təkan verəcək.
Bunu Trend-ə özəl müsahibəsində Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.
Sədr müsahibəsində ƏAİZ-in cəlbediciliyindən, qurum üçün maraqlı olan investorlardan, yeni layihələrdən və bu kimi digər məsələlərdən danışıb.
O, əvvəlcə Azad Zonanın yaranma tarixindən, eləcə də cəlbediciliyindən bəhs edib və bildirib ki, burada bütün vacib məqamlar nəzərə alınıb:
“Əgər bu amillər diqqətə alınmasaydı, belə bir zonanın yaradılması mümkün olmazdı. Daha cəlbedici olmaq üçün yalnız region ölkələrində deyil, daha geniş coğrafiyada fəaliyyət göstərən azad iqtisadi zonaların təcrübəsi öyrənilib, onların qanunvericiliyi, şərtləri və uğur-uğursuzluq səbəbləri təhlil edilib. Belə ki, bu gün dünyada 4500-dən çox azad iqtisadi zona mövcuddur, lakin onların hamısını uğurlu hesab etmək mümkün deyil.
Bu təhlillərə əsaslanaraq Ələt Azad İqtisadi Zonası elə bir ərazidə yerləşdirilib ki, o, digər zonalarla müqayisədə daha cəlbedici olsun. Azad Zona Bakı Beynəlxalq Dəniz Ticarət Limanına bitişikdir və Şimal–Cənub, Şərq–Qərb kimi beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Bu da investorlara həm dəniz, həm dəmir yolu, həm də avtomobil nəqliyyatından istifadə imkanı yaradır.
Bizim ərazidə yerləşən investorlar öncədən bilirlər ki, onlar həm dəniz yollarından, həm dəmir yollarından, həm də magistral yollardan istifadə edə bilərlər. Buna əlavə olaraq nəzərə almalıyıq ki, yüksək texnoloji məhsullar istehsal edən şirkətlər əksər hallarda artıq yüklərini dəmir yolu və ya avtomobil yolu ilə deyil, hava nəqliyyatı ilə göndərirlər. Bu da onlara həm zamana, həm də xərcə qənaət etməyə şərait yaradır. Ona görə də biz tanınmış aviadaşıyıcı şirkət “Silk Way” ilə razılığa gəldik və şirkət Ələt Azad İqtisadi Zonasının ərazisində böyük bir hava limanının inşasına başlayıb. Bu hava limanı üçün 750 hektar ərazi ayrılıb. Çünki orada tək hava limanı yox, bu hava limanı vasitəsilə yüklərini daşımaq istəyən şirkətlərin mallarının gətirilib saxlanması, paylanması və s. kimi məsələləri təmin etmək üçün də bütün infrastruktur yaradılmalıdır. Sözügedən hava limanının karqo və biznes aviasiya seqmentləri 2027-ci ilin birinci rübünün sonundan gec olmayaraq istismara veriləcəkdir. İlkin yükaşırma həcmi illik 500 min ton olacaqdır ki, gələcəkdə bu göstəricinin 1.5 – 2 milyon tona çatdırılması nəzərdə tutulur. Hava limanının faəliyyətə başlaması ilə bizim investorlar həm ixrac əməliyyatlarında, həm idxal əməliyyatlarında yüklərini istənilən nəqliyyat növü ilə daşıya biləcəklər. Bu da öz növbəsində Azad Zonanın cəlbediciliyini artırır. Təbii ki başqa şirkətlər də öz yüklərini sözügedən hava limanı vasitəsilə göndərə və ya qəbul edə bilərlər".
V. Ələsgərov qeyd edib ki, Ələt Azad İqtisadi Zonasında investorlara ərazi daxili və ərazi xarici infrastruktur və mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş istifadəyə hazır sənaye torpaq sahələri təqdim olunur:
“Yəni investor müvafiq infrastrukturun qurulmasını illərlə gözləmək məcburiyyətində deyil. Məhz bu səbəbdən, ƏAİZ-də istifadəyə hazır sənaye torpaq sahələrinin təqdim edilməsi investorlar üçün çox önəmli bir məqamdır. Yəni investora təqdim olunan ərazi artıq əvvəlcədən su, təbii qaz, kanalizasiya, rabitə, elektrik enerjisi və s. infrastrukturu ilə təmin edilib. Bu çox böyük bir üstünlükdür. Başqa zonalara baxdıqda görürük ki, onların əksəriyyətində belə şərait yoxdur.
Ələt Azad İqtisadi Zonasının cəlbediciliyini artıran digər amil burada fəaliyyət göstərən şirkətlərin bütün vergi və gömrük rüsumlarından azad olmasıdır. Bundan başqa, Ələt Azad İqtisadi Zonasının qanunvericiliyini də xüsusi qeyd etməliyik. Bildiyiniz kimi, Ələt Azad İqtisadi Zonası Azərbaycan Respublikasının xüsusi bir qanunu ilə - “Ələt azad iqtisadi zonası haqqında” qanunla yaradılıb. Ələt Azad İqtisadi Zonasının qanunvericiliyi bu qanun və Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumu tərəfindən təsdiq edilmiş daxili qaydalardan ibarətdir. Bu da investorlar üçün böyük önəm daşıyır. Məsələn, ƏAİZ-də qeydiyyatdan keçmək üçün yalnız Səlahiyyətli Quruma müraciət etmək kifayətdir. Səlahiyyətli Qurum təklif edilən layihəni məqbul hesab etdiyi təqdirdəhəmin şirkət qeydiyyatdan keçirilir. Burada əsas iqtisadiyyatın hər hansı bir dövlət qurumuna müraciət etməyə ehtiyac yoxdur”.
Ələt Azad İqtisadi
Zonası üçün maraqlı olan investorlar
V. Ələsgərov vurğulayıb ki, Ələt Azad İqtisadi Zonasında ixracyönümlü müəssisəni yaratmaq istəyən investorlara daha çox üstünlük verilir:
“Yəni Ələt Azad İqtisadi Zonasında öz istehsal müəssisəsini yaradan və istehsal etdiyi məhsulların 75% və daha çox hissəsini ixrac edən investorlar daha çox diqqətimizdədir. Əlbəttə ki, layihənin qabaqcıl Avropa standartlarına uyğunluğu də önəmlidir.
Bəzən ixracyönümlü layihələrə üstünlüyün verilməsi təəccüb doğurur. Lakin belə olmadığı təqdirdə, ƏAİZ-də əsasən yerli bazara yönəlmiş məhsulların istehsalı ilə məşğul olan kiçik və ya orta müəssisələr yarana bilər, bu isə öz növbəsində əsas iqtisadiyyatda çalışan bütün vergi və gömrük rüsumlarını ödəyən şirkətlər üçün ədalətsiz rəqabət yarada bilər. Ona görə də ixrac yönümlü müəssisələrə üstünlük verilir. Əgər şirkət ixracyönümlüdürsə, deməli, həmin şirkətin məhsulları beynəlxalq standartlara uyğun olmalıdır. İkincisi,şirkət istehsal etdiyi məhsulun 75% və daha çox hissəsini ixrac edirsə, deməli, yetərincə böyük bir müəssisə olmalıdır. Belə olduqda daha çox iş yerləri yaradılacaq. Biz də çalışırıq ki, ƏAİZ-də fəaliyyət göstərən şirkətlər Azərbaycan vətəndaşlarını işlə təmin etsinlər. Artıq ƏAİZ-də fəaliyyət göstərən elə şirkətlər var ki, onlar müəssisələrində fəaliyyət göstərən Azərbaycan vətəndaşlarını işlə təmin edib və digər ölkələrdə yerləşən müəssisələrində sözügedən vətəndaşları qəbul edərək bir neçə aylıq təlim proqramı çərçivəsində yeni ixtisaslara sahib olmaq imkanları tanıyıb. Təlim bitdikdən sonra, vətəndaşlar Azad Zonada yaradılan müəssisəyə qayıdaraq, yeni əldə olunmuş bilikləri tətbiq edirlər.
Birinci mərhələdə inşaat işlərini bitirdiyimiz 60 hektarlıq ərazidə investorların qeydiyyatına başladıqda tələbatın həddidən artıq böyük olduğunu gördük. Bu səbəbdən növbəti 138 hektar ərazinin inşaatına planlaşdırılan vaxtdan çox daha tez başlamaq məcburiyyətində qaldıq. Artıq çox yaxın zamanda həmin ərazilər üzrə inşaat işləri tamamlanacaq. Onu da qeyd etməliyəm ki, inşaat işləri hələ tam yekunlaşmasa da, artıq həmin ərazilər üzrə bəzi şirkətləri qeydiyyatdan keçirmişik. Onlardan bəziləri artıq inşaat işlərinə başlaması üçün hazırdır. Çox önəmli bir məqam ondan ibarətdir ki, sözügedən 138 hektarlıq ərazinin 23 hektarında Çinin “Sunsync” şirkəti günəş panelləri istehsal edən müəssisə quracaq. İstehsal edilən məhsulların əksər hissəsi ixrac olunacaq. Çünki istehsal həcmi çox böyük olacaq. İlk gündən məqsəd ondan ibarətdir ki, tək Azərbaycan bazarı yox, dünya bazarına çıxaq. Təbii ki, Ələt Azad İqtisadi Zonasında Çin şirkəti tərəfindən istehsal ediləcək günəş panellərindən Azad Zonada tikilən müəssisələrin damının örtülməsində də istifadə etməyi investorlara tövsiyə edirik. Eyni zamanda, əlbəttə ki, həmin şirkət Azərbaycanda keçiriləcək bütün tenderlərdə panellərin satışında iştirak edəcək. Çin şirkəti ƏAİZ-də sözügedən məhsulların istehsalına başladıqdan sonra Günəş Elektrik Stansiyaları inşa edən şirkətlər üçün panelləri buradan almaq daha rahat və əlverişli olacaq. Biz “Sunsync” şirkətinə Günəş Elektrik Stansiyası tikmək üçün də ərazi verməyə hazır olduğumuzu bildirmişik. Yəni sözügedən Çin şirkəti üçün Ələt Azad İqtisadi Zonasında istehsal edəcəyi günəş panellərindən istifadə etməklə Günəş Elektrik Stansiyası tikərək, oradan əldə olunacaq “yaşıl enerji"ni ƏAİZ-də çalışan şirkətlərə satmaq imkanı yarana bilər”.
Sədr eyni zamanda digər layihə üzərində də çalışdıqlarını diqqətə çatdırıb:
“Bu, külək elektrik stansiyalarının (KES) istehsalı ilə bağlıdır. ƏAİZ-də KES-lər üçün pərlər və digər zəruri avadanlıqların istehsalı üzrə müəssisənin inşası üçün bir neçə şirkətlə danışıqlar aparılır. Belə ki,, ƏAİZ-də külək elektrik stansiyaları üçün lazım olan avadanlıqların istehsalı istehsal və inşaat xərclərini azaldacaq, eyni zamanda külək elektrik stansiyaları avadanlıqlarının daşınması üçün yaranan nəqliyyat və logistika çətinliklərini aradan qaldıracaq.
Paralel olaraq artıq ağır sənaye üçün ayrılmış ərazidə inşaat işlərinə başlamışıq. 364 hektarda torpaq işlərini bitirmişik. Bu il, başqa infrastruktur işlərinə də başlamağı planlaşdırırıq. Ağır sənaye üçün ayrılmış ərazinin daxilində işlər Səlahiyyətli Qurum tərəfindən aparılacaq. Ərazi xaricində isə yaxın zamanda “Azərenerji” böyük bir yarımstansiya tikintisi işlərinə başlayacaqdır. Bununla yanaşı digər dövlət qurumları da infrastruktur işlərini aparacaqlar. Artıq çox müsbət bir haldır ki, ağır sənaye üçün ayrılmış ərazidə fəaliyyət göstərmək məqsədilə müraciətlər daxil olur. Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında böyük müəssisələrin yaradılması ilə bağlı layihələri elan edəcəyik.
Ümumilikdə, Ələt Azad İqtisadi Zonasında bu gün qeydiyyatdan keçmiş şirkətlərin fəaliyyəti ilə bağlı işlər fərqli mərhələlər üzrə davam etdirilir. Məsələn, müəyyən müəssisələr var ki, artıq istehsala başlayıb, digər müəssisən ilkin məhsulun istehsalına başlayacaq, bəziləri isə inşaat və yaxud da layihələndirmə mərhələsindədirlər. Bu müəssisələr əsasən Türkiyə, Çin, İsrail, Avropa ölkələri, eləcə də Azərbaycanın öz yerli şirkətlərindən ibarətdir”.
Nəqliyyat dəhlizlərinin
yaratdığı yeni imkanlar
V. Ələsgərov müsahibəsində həmçinin Azərbaycanın coğrafi mövqeyinin onu beynəlxalq nəqliyyat qovşağına çevirdiyini bildirib. O, Orta Dəhliz perspektivində ölkəyə yük axınında günbəgün artımın qeydə alındığını söyləyib. Bu xüsusda sədr istər Şimal-Cənub, istərsə də Şərq-Qərb dəhlizlərinin yükaşırma qabiliyyətinin reallaşdırılmasında Ələt Azad İqtisadi Zonasının rolundan danışıb: “Əgər əvvəllər dəmir yolları və yaxud da avtomobil yolları ilə ancaq Poti limanına çıxış mövcud idirsə, bu gün artıq Bakı–Tbilisi–Qars dəmir yolu ilə Türkiyəyə və oradan da Aralıq dənizinin sahilində yerləşən dəniz limanlarına çıxış var. Lakin Zəngəzur dəhlizi açıldıqdan sonra təbii ki, bu bizim üçün istənilən yüklərin daşınması üçün yeni imkanlar yaradacaq. Yeni marşrut xətti daşımaların məsafəsini qısaldaraq sürətləndirəcək və daşıma xərclərini daha da azaldacaq. Eyni zamanda, Zəngəzur dəhlizi birbaşa olaraq Aralıq dənizi sahillərində yerləşən Türkiyənin dəniz limanlarına çıxış imkanı yaradır. Bu da çox önəmli məsələdir. Bir məqamı xüsusi qeyd edim ki, Ələt Azad İqtisadi Zonasında alüminium istehsal edən müəssisənin yaradılması ilə bağlı danışıqlar aparırıq. Bu müsəssisə ildə minimum 250 min ton alüminium istehsal etsə, ən azı 550-600 min ton xammal lazım olacaq. Xammal isə Vyetnam, Qvineya və s. kimi xarici ölkələrdən gəmi nəqliyyatı ilə gətiriləcək. Deməli, Zəngəzur dəhlizi açıldıqdan sonra böyük gəmilərlə xammal Aralıq dənizi sahillərində yerləşən Türkiyə limanlarına və oradan da dəmir yolu ilə Zəngəzur dəhlizindən keçməklə daha tez, daha asan Azərbaycana gətiriləcək. Bu baxımdan Zəngəzur dəhlizinin açılması çox böyük önəm kəsb edir”.
Beynəlxalq tədbir və sərgilərdə iştirak
V. Ələsgərov son olaraq beynəlxalq sərgilərdə iştirak etməklə rəhbərlik etdiyi qurumun xarici investorlara tanıdılmasında atılan addımlarla bağlı bunları qeyd edib: “Avropa ölkələrində müxtəlif tədbirlərdə iştirak edirik. Bu ilin aprel ayında Almaniyanın Hannover şəhərində keçiriləcək böyük bir sərgiyə qatılacağıq. Ötən il də həmin sərgidə iştirak etmişdik və böyük bir stendimiz var idi. Oradakı şirkətlərə Ələt Azad İqtisadi Zonası barədə geniş məlumat verir, Azad Zonanı təşviq edirik. Eyni zamanda, Azərbaycana Avropa ölkələrindən gələn şirkətlərin nümayəndələri ilə görüşürük, danışıqlar aparırıq. Bu ilin əvvəlində Ələt Azad İqtisadi Zonasında Avropa İttifaqının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (ENEST) bölmə rəhbəri Devid Kallenin rəhbərlik etdiyi Avropa İttifaqı nümayəndə heyəti ilə görüş keçirdik. Onlara Azad Zonanın unikal qanunvericilik bazası, istifadəyə hazır ərazi daxili və ərazi xarici infrastruktur və müasir mühəndis-kommunikasiya sistemləri ilə təchiz edilmiş sənaye təyinatlı torpaq sahələri, habelə investorlar üçün nəzərdə tutulan maliyyə və qeyri-maliyyə təşviqləri paketi əhatəli şəkildə təqdim olundu. Həmçinin, Azad Zonanın nəqliyyat-logistika infrastrukturu və inkişaf potensialına xüsusi diqqət yetirildi.
Yəni bir sözlə Ələt Azad İqtisadi Zonaya xarici invstorları cəlb etmək üçün zəruri tədbirlər görülməkdədir”.
