Şuşa.Trend:
Şuşada keçirilən “Xarıbülbül” festivalında çox maraqlı və rəngarəng proqram təqdim olunub.
Bunu Trend-ə festival iştirakçısı, "Reyn" alman operasının solisti Mara Hüseynova bildirib.
Müğənni qeyd edib ki, bu onun Şuşaya artıq ikinci səfəridir.
“Bu mənim Şuşaya artıq ikinci səfərimdir, amma festivalın açılışında ilk dəfədir ki, çıxış edirəm. Doğma vətənində çıxış etmək hər zaman xüsusi hissdir. İnsan çox isti duyğular yaşayır”, – deyə Mara Hüseynova bildirib.
Sənətçi festivalın təşkilatçılığını və ab-havasını da yüksək qiymətləndirib.
“Təşkilatçılıq möhtəşəmdir. Burada, o cümlədən xarici ölkələrdən çoxlu qonaqlar iştirak edir və çox maraqlı, rəngarəng proqram təqdim olunub”, – deyə o vurğulayıb.
Qeyd edək ki, mayın 14-də Şuşa şəhərində, Cıdır düzündə IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib. Festival Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.
İki gün ərzində Şuşa şəhərinin müxtəlif məkanlarında konsertlər və mədəni tədbirlər keçiriləcək. Festival mədəniyyətlərarası dialoqun inkişafına, musiqi əlaqələrinin möhkəmləndirilməsinə və müxtəlif ölkələrdən olan sənətçilər arasında yaradıcılıq mübadiləsinə yönəlib.
