Bakı. Trend:
2026-cı ilin I rübündə banklar Azərbaycan Mərkəzi Bankının (AMB) həm sterilizasiya yönümlü, həm də likvidliyin verilməsi yönümlü daimi imkan alətindən istifadə ediblər.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu ilin yanvar-mart ayları ərzində banklar tərəfindən iş günlərinin 100%-də 1 gecəlik depozit daimi imkan alətinə, 8%-də isə 1 gecəlik əks-repo alətinə müraciət olunub.
Vurğulanıb ki, Mərkəzi Bankın daimi imkan alətlərinə tələb bank sektorunun likvidlik mövqeyindəki dəyişikliklərdən təsirlənib:
“Belə ki, yanvar-mart ayları ərzində orta həcmi 263 milyon manat olan 53 gecəlik depozit və orta həcmi 275 milyon manat təşkil edən 4 gecəlik əks-repo əməliyyatı həyata keçirilib".
“2026-cı ilin I rübündə pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilib. Dövr ərzində likvidliyin idarə olunması məqsədilə müxtəlif müddətli monetar əməliyyatların tətbiqi davam etdirilib. Daimi imkan alətləri aktiv istifadə olunub, açıq bazar əməliyyatlarının kəmiyyət parametrləri likvidliyin proqnozlaşdırılması əsasında müəyyən edilib”, - məlumatda qeyd edilib.
