Bakı.Trend:
Azərbaycan şəhər inkişafının yeni modelini formalaşdırır.
Trend xəbər verir ki, bunu Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev deyib.
“Biz şəhərlərin yalnız bərpa edilmədiyi, eyni zamanda yenidən düşünülərək formalaşdırıldığı transformasiyanın şahidi oluruq. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulmasından “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqinə qədər Azərbaycan şəhər inkişafının yeni modelini formalaşdırır. Bu tərəqqi bizə yalnız əminlik deyil, həm də məsuliyyət verir”, – deyə o bildirib.
E.Babayev qeyd edib ki, bu gün əsas sual belə olmalıdır: mövcud təhsil və hazırlıq sistemləri qarşıdakı 20, 30, hətta 50 il ərzində bu transformasiyanı dəstəkləyə biləcək insanları hazırlayırmı?
“Şəhərlər planların olmaması səbəbindən deyil, potensial çatışmazlığı səbəbindən uğursuzluğa düçar olur. Bu, şəhərsalma mütəxəssislərinin iqlim risklərini anlamadığı, iqtisadçıların məkan bərabərsizliyini nəzərə almadığı, mühəndislərin isə vətəndaşların istifadə edə bilmədiyi sistemlər yaratdığı zaman baş verir. Onlar, məlumatlar mövcud olsa belə, onları heç kim şərh etməyi bacarmadığı hallarda da uğursuzluğa düçar olur”, – deyə rektor vurğulayıb.
Onun sözlərinə görə, bu gün müzakirələrdən praktik fəaliyyətə keçmək vacibdir.
“Biz urbanistika sahəsində multidissiplinar proqramlar hazırlamalıyıq”, – deyə Babayev əlavə edib.
