Bakı.Trend:
Asiya İnkişaf Bankı Azərbaycan da daxil olmaqla Asiya və Sakit okean regionunun bir sıra ölkələrini əhatə edən “2026-2027-ci illər üçün inklüziv və “yaşıl” artım naminə ticarətə dəstək” layihəsini həyata keçirir.
Trend bu barədə banka istinadən xəbər verir.
Maliyyələşdirmə Texniki Yardım üzrə Xüsusi Fond tərəfindən 112,5 min ABŞ dolları, həmçinin Avstraliya hökuməti tərəfindən 146,9 min ABŞ dolları həcmində təmin edilir.
Layihədə iştirak edən ölkələr sırasında Azərbaycan, Əfqanıstan, Ermənistan, Banqladeş, Butan, Bruney-Darüssalam, Kamboca, Kuk adaları, Fici, Mikroneziya Federativ Ştatları, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Qırğız Respublikası, Kiribati, Laos, Malayziya, Maldiv, Monqolustan, Myanma, Nauru, Nepal, Niue, Pakistan, Palau, Filippin və digər ölkələr yer alır.
Qeyd olunur ki, Asiya İnkişaf Bankı 2005-ci ildə fəaliyyətə başladığı vaxtdan etibarən Ümumdünya Ticarət Təşkilatı himayəsi altında keçirilən “Ticarətə Dəstək” təşəbbüsünün Qlobal İcmalının fəal tərəfdaşı və iştirakçısıdır.
Layihə çərçivəsində “Asiya və Sakit okean regionunda ticarətə dəstək - 2026” adlı hesabatın hazırlanması, hesabatın qlobal icmal zamanı təqdimatı da daxil olmaqla bilik mübadiləsi tədbirlərinin təşkili, eləcə də analitik materialların, siyasət icmallarının, bloqların və məlumatların emalı alətlərinin dərc olunması planlaşdırılır.
Layihənin əsaslandırılmasına görə, qlobal ticarət iqtisadi artım və rifahın mühüm amili olaraq qalır və bu prosesdə Asiya mühüm rol oynayır. Bununla yanaşı, ticarət gərginliyinin artması və geosiyasi parçalanma ticarətin iqtisadi inkişafın stimullaşdırılmasındakı potensialını məhdudlaşdıra bilər.
Sənəddə qeyd edilir ki, ticarət yeni imkanların yaradılması hesabına yoxsulluğun azaldılmasına töhfə verir, lakin onun üstünlükləri qeyri-bərabər şəkildə bölüşdürülür. Daha iri və dayanıqlı şirkətlər ixrac bazarlarının genişlənməsindən daha çox fayda əldə etdiyi halda, mikro, kiçik və qadınların rəhbərlik etdiyi bizneslər çox vaxt bu proseslərdən kənarda qalır.
Təşəbbüs inkişaf etməkdə olan ölkələrin ticarət göstəricilərinin yaxşılaşdırılması və qlobal ticarət sistemində daha fəal iştirakının dəstəklənməsi məqsədilə resursların səfərbər edilməsinə yönəlib.
