Bakı. Trend:
2026-cı ilin I rübündə bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 14.9% artaraq 4.05 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, ümumi sərmayə qoyuluşunun 2.3 milyard manatı və ya 56.5%-i məhsul istehsalı sahələrinin payına düşüb. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 44.6%, qeyri-neft-qaz sektoruna isə 2.2% artıb.
“Qeyri-neft-qaz sektoruna qoyulmuş 2.5 milyard manat investisiyanın 0.4 milyard manatı qeyri-neft-qaz sənayesi sektorunda istifadə edilib. İnvestisiyaların 34.3%-i dövlət, 65.7%-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanın dəyəri ümumi sərmayənin 78.2%-ni təşkil edib. İnvestisiya qoyuluşunun tərkibində əsas payı sənaye (47.7%), nəqliyyat və anbar təsərrüfatı (22.6%) və tikinti (19.7%) sahələri təşkil edib. Sənaye sektoruna investisiya qoyuluşu ötən ilin müvafiq dövrünə nisbətən 21.2% artıb. Bu artım əsasən mədənçıxarma və emal sənayesi sahələrinə sərmayə qoyuluşu ilə əlaqədardır”, - məlumatda qeyd edilib.
