Türküstan. Trend:
Qırğızıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində kriptovalyutaların tətbiqi üzrə birgə layihələrin həyata keçirilməsini təklif edir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Türküstanda keçirilən qeyri-rəsmi sammitində danışıb.
O bildirib ki, Qırğızıstan maliyyə metodlarında yeni standartların tətbiqi və virtual aktivlər bazarının yaradılması istiqamətində praktiki addımlar atır.
“Prezident yanında virtual aktivlər sektorunun inkişafına və kriptovalyutalardan təhlükəsiz istifadəyə dair hüquqi şəraitin yaradılmasına yönəlmiş Milli Şura yaradılıb. Bu yaxınlarda Qırğızıstan rəqəmsal somu və milli KGBT steyblkoinini istifadəyə verib. Bu iş ehtiyat sektorunun qurulması və aktivlərin tokenizasiyasına yönəlib. "Chainalysis" beynəlxalq indeksinə əsasən, hazırda Qırğızıstan kriptovalyutaların qəbuluna görə dünyada 19-cu yeri tutur. Qırğızıstan bu istiqamətdə əməkdaşlığın genişləndirilməsini və birgə layihələrin həyata keçirilməsini təklif edir”, - deyə Japarov bildirib.
Japarov eyni zamanda, TDT regionunun Avrasiyanın mərkəzində yerləşdiyini və strateji üstünlüyə malik olduğunu vurğulayıb.
“Bu gün strateji imkanlar yeni məna kəsb edir. Bunun reallaşdırılması üçün operativ və əlaqələndirilmiş addımlar atmalıyıq. Bu, nəqliyyat dəhlizlərini rəqəmsal platformalarla birləşdirməyə imkan verəcək”, - deyə o əlavə edib.
