Bakı. Trend:
Seysmik təhlükənin qiymətləndirilməsi yalnız elmi tədqiqat sahəsi deyil, eyni zamanda əhalinin rifahı və dövlət təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir.
Trend xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini Cəbrayıl Xanlarov "Şəhərsalmada seysmik təhlükənin və riskin qiymətləndirilməsində yeni yanaşmalar" mövzusunda keçirilən konfransda çıxışında bildirib.
Onun sözlərinə görə, seysmik risklərin düzgün qiymətləndirilməsi və idarə olunması mümkün fəlakətlərin qarşısının alınmasında mühüm rol oynayır:
"İşğaldan azad edilmiş Qarabağ bu gün dünyanın ən gözəl
guşələrindən birinə çevrilməkdədir. Bölgədə aparılan genişmiqyaslı
quruculuq və bərpa işləri müasir şəhərsalma yanaşmalarının tətbiqi
ilə müşayiət olunur.
Sürətlə inkişaf edən şəhərlərin qarşısında duran əsas məsələlərdən
biri təhlükəsizlikdir. Şəhərsalma siyasətində seysmik risklərin
dərindən öyrənilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan seysmik
aktiv zonada yerləşdiyindən tikinti sahəsində ciddi nəzarətin
həyata keçirilməsi vacibdir.
O bildirib ki, seysmik təhlükənin qiymətləndirilməsi yalnız elmi tədqiqat sahəsi deyil, eyni zamanda əhalinin rifahı və dövlət təhlükəsizliyi ilə birbaşa bağlı məsələdir:
"Tikinti obyektlərinin seysmik dayanıqlılığının artırılması, elmi əsaslandırılmış qərarların qəbulu bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Seysmik risk anlayışı ölkə sərhədlərini aşaraq bütöv regionu əhatə etdiyindən, region dövlətləri arasında məlumat və təcrübə mübadiləsinin aparılması da vacibdir. Seysmik mikrorayonlaşdırma işlərinə və beynəlxalq əməkdaşlığa xüsusi diqqət yetirilir. Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları, Respublika Seysmoloji Xidmət Mərkəzi və Yaponiya mütəxəssisləri ilə birgə Sumqayıt-Abşeron zonası üzrə seysmik xəritələrin hazırlanması istiqamətində mühüm işlər görülür".
