Bakı. Trend:
2026-cı ilin mart ayının sonuna Azərbaycanın cəmi strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələməkdə davam edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bildirilib ki, 2026-cı ilin mart ayının sonuna strateji valyuta ehtiyatları ilin əvvəlinə nəzərən 117.4 milyon ABŞ dolları və ya 0.1% artaraq 85.2 milyard ABŞ dollarına çatıb. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları müvafiq dövr üzrə 1.2% və ya 141.9 milyon ABŞ dolları artıb və martın sonuna 11.7 milyard ABŞ dolları olub.
“2026-cı ilin I rübünün sonuna ölkənin strateji valyuta ehtiyatları 37 aylıq mal və xidmət idxalına kifayət etmişdir (2025-ci il üzrə mal və xidmət idxalı nəzərə alınmaqla). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3.6 dəfə üstələmişdir (01.04.2026 tarixinə olan M2 pul aqreqatı nəzərə alınmaqla).
Bu göstəricilər ölkənin xarici və daxili iqtisadi şoklara qarşı dayanıqlılığını və eləcə də, borc risklərinin tam şəkildə idarəolunan səviyyədə olduğunu nümayiş etdirir”, - məlumatda qeyd edilib.
