Bakı.Trend:
Şəhərlərin inkişafı sosial, iqtisadi, ekoloji və humanitar məsələdir.
Trend xəbər verir ki, bunu Azərbaycanın Elm və Təhsil nazirinin müavini İdris İsayev Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.
“Bu gün dünyada genişmiqyaslı proseslər və qlobal çağırışlar baş verir. Davam edən urbanizasiya və əhalinin şəhərlərə kütləvi axını bir tərəfdən şəhərlərin inkişafına təkan verir, digər tərəfdən isə çoxsaylı problemlər və çağırışlar yaradır.
Biz hər gün həddindən artıq sıx məskunlaşma, nəqliyyat çətinlikləri, ekoloji təhdidlər, mənzil problemləri, infrastrukturla bağlı risklər və bir çox digər məsələlərlə üzləşirik. Bütün bunlar bu mövzunun aktuallığını bir daha vurğulayır. Şəhərlərin inkişafı yalnız tikinti və memarlıq məsələsi deyil. Bu, həm də sosial, iqtisadi, ekoloji və humanitar məsələdir”, – deyə o bildirib.
İdris İsayev qeyd edib ki, şəhərlərin inkişaf səviyyəsi tikilən binaların sayı və ya küçələrin uzunluğu ilə ölçülmür. Bu, ilk növbədə insanların həyat keyfiyyəti, təhsil səviyyəsi, intellektual potensialı, sağlamlıq vəziyyəti və ümumi rifah səviyyəsi ilə müəyyən olunur. Və aydındır ki, bütün bu proseslərin mərkəzində insan dayanır.
“Burada əsas meyar insanlar üçün rahat, təhlükəsiz, inklüziv və keyfiyyətli yaşayış mühitinin yaradılmasıdır”, – deyə o vurğulayıb.
