Bakı.Trend:
Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi mövqeyinin növbəti təsdiqidir. Ölkəmizin qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi onun siyasi, iqtisadi və institusional potensialının göstəricisi kimi qiymətləndirilir.
Trend xəbər verir ki, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında səsləndirib.
Rektor bildirib ki, WUF13 ərəfəsində ölkə üzrə müxtəlif tədbir və konfranslar təşkil olunur. Onun sözlərinə görə, Bakı Dövlət Universiteti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən çərçivəsində elmi-praktik konfransın keçirilməsi qərara alınıb.
“Elmi konfransın əsas məqsədi müasir çağırışlara cavab verən, eyni zamanda uzunmüddətli perspektivə hesablanmış şəhərsalma siyasətinin həyata keçirilməsi üçün peşəkar kadr hazırlığında birgə əməkdaşlığın gücləndirilməsidir. Azərbaycan bu sahədə formalaşdırdığı təcrübə ilə beynəlxalq miqyasda nümunəvi ölkələr sırasında yer alır. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq layihələri yeni ixtisaslı kadrlara tələbat yaradır”, – deyə rektor vurğulayıb.
O qeyd edib ki, şəhərsalma sahəsində kadr hazırlığı yalnız memarlıq istiqaməti ilə məhdudlaşmamalı, hüquq, ekologiya, coğrafiya, geologiya və sosial elmlər kimi sahələri də əhatə etməlidir.
"BMT-nin Azərbaycandakı müxtəlif qurumlarının dəstək verdiyi tədbirin gələcəkdə də davamlı əməkdaşlıq və yeni təşəbbüslər üçün mühüm platforma rolunu oynayacaq",-deyə E.Babayev əlavə edib.
