WUF13-ə həsr olunmuş “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı

Cəmiyyət Materials 15 May 2026 15:03 (UTC +04:00)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə təşkil etdiyi “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində BDU-nun Mədəni İrsi Araşdırma Mərkəzinin direktoru Musa Mərcanlının baş redaktoru olduğu “Urban Future – Gələcəyin şəhərləri” kitabının təqdimatı keçirilib.

Trend xəbər verir ki, “Urban Future – Gələcəyin şəhərləri” kitabı “İRS” Nəşriyyat Evi tərəfindən Bakıda keçiriləcək Ümümdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) münasibətilə hazırlanıb. Kitab “İRS” Nəşriyyat Evi tərəfindən uzun illərdir həyata keçirilən beynəlxalq nəşr layihələrinin və məşhur İRS silsiləsinin davamı kimi ərsəyə gəlib. Bu silsiləyə daxil olan kitablar Azərbaycanın tarixi, mədəniyyəti, memarlığı, Qarabağ irsi və sivilizasiya yaddaşını dünya auditoriyasına təqdim edən mühüm nəşrlər kimi tanınır.

Kitabda Azərbaycanın urbanizasiya tarixi, qədim şəhərləri - Oğlanqala, Qəbələ, Şamaxı, Naxçıvan, Təbriz, Bakının yaşayış məskənləri kimi formalaşması ilə yanaşı, Bakının XIX əsrdə dünyanın neft paytaxtına çevrilməsi, bunun urbanistik transformasiyaya təsiri, müasir şəhərlərə dair çağırışlar geniş şəkildə təqdim olunur. Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan şəhərlərinin Şərqlə Qərb arasında körpü rolunu oynadığı, urbanizasiya ilə mədəniyyətin vəhdətini yaratdığı diqqətə çatdırılır.

Bu nəşrin mühüm xüsusiyyətlərindən biri də onun zəngin və orijinal vizual materiallarla müşayiət olunmasıdır. Kitabda istifadə olunan nadir illüstrasiyalar, arxiv materialları, xəritələr, rekonstruksiya təsvirləri və fotoşəkillər urbanistika tarixini yalnız mətn vasitəsilə deyil, vizual yaddaş vasitəsilə də təqdim etməyə imkan yaradır. Bu baxımdan kitab beynəlxalq oxucu auditoriyası üçün həm elmi, həm də estetik mənbə kimi nəzərdə tutulub.

Kitabda qeyd olunur ki, Azərbaycan son onilliklərdə şəhərsalma, infrastruktur, yaşıl inkişaf, rəqəmsal idarəetmə və mədəni irsin qorunması sahəsində mühüm təcrübə formalaşdırıb. Müasir Bakı dünyanın enerji paytaxtı olmaqla yanaşı, beynəlxalq forumların, mədəniyyətlərarası dialoqun, innovasiya və urbanistik transformasiyanın mühüm mərkəzlərindən biridir.
Bu gün Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yeni şəhərsalma modeli formalaşdırır. Ağdam, Cəbrayıl, Füzuli, Şuşa və digər şəhərlər “ağıllı şəhər”, “yaşıl enerji”, dayanıqlı infrastruktur və mədəni irsin bərpası prinsipləri əsasında yenidən qurulur.

“Urban Future – Gələcəyin şəhərləri” kitabı WUF13 iştirakçıları üçün yalnız Azərbaycanın urbanizasiya tarixini tanıdan nəşr olmayacaq. O, həm də şəhərlərin gələcəyi haqqında yeni düşüncələrə və beynəlxalq əməkdaşlığa töhfə verəcək. Kitab həm də ali məktəblərdə və tədqiqat mərkəzlərində urbanistika, memarlıq, mədəni irs və şəhər tarixi üzrə tədris vəsaiti kimi istifadə oluna bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti