Türküstan. Trend:
Bu gün türk dövlətləri iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığı gücləndirməlidir.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) üzv-dövlətlərinin Türküstan şəhərində keçirilən qeyri-rəsmi sammitində bildirib.
O qeyd edib ki, dünya iqtisadiyyatı qeyri-sabit və proqnozlaşdırılması çətin olaraq qalır.
“Beynəlxalq geosiyasi istiqamətlər dəyişir, həm qlobal, həm də regional səviyyədə rəqabət güclənir. Silahlı münaqişələr və müharibələr səngimir. Bütün bunlar, gördüyümüz kimi, dünya iqtisadiyyatına mənfi təsir göstərir. Regionumuzun ölkələri artıq Yaxın Şərqdəki vəziyyətin fəsadlarını hiss etməyə başlayıb”, – deyə Qazaxıstan Prezidenti bildirib.
O bildirib ki, belə mürəkkəb dövrdə türk dövlətlərinin birliyi xüsusi əhəmiyyət kəsb edir.
“Ölkələrimizi ortaq çoxəsrlik tarix, mənəvi dəyərlər və qardaşlıq bağları birləşdirir. Hesab edirəm ki, bu gün türk dövlətləri zamanın tələblərini nəzərə alaraq iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığı gücləndirməli, həmçinin ümumi maraqlar naminə səylərini birləşdirməlidir.
Bu baxımdan, bugünkü iclasın süni intellekt və rəqəmsal inkişaf məsələlərinə həsr olunması xüsusi önəm daşıyır”, – deyə Tokayev əlavə edib.
