Bakı.Trend:
Şükürbəyli kəndi 286 hektar ərazidə 1042 ailəlik fərdi yaşayış evi üçün layihələndirilib.
Bunu Trend-in Qarabağ bürosuna açıqlamasında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov deyib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərin quruculuq prosesində 2023 - cü ilin may ayının 4-də prezidentin iştirakıyla Şükürbəyli kəndinin təməlqoyma mərasimi baş tutub:
"May ayının 9-da Şükürbəyli kəndinin açılışı baş tutub. İlham Əliyev Şükürbəyli camaatına mənzillərin açarları təqdim edib. Kəndin quruculuğunda həmçinin müəyyən infrastruktur layihələr həyata keçirilib. Burada qaz, su, işıq, internet nəzərdə tuturam. Nəzərinizə çatdırmaq istəyirəm ki, kənddə ənənəvi enerji ilə yanaşı, günəş enerjisindən də istifadə olunur".
V.İmranov qeyd edib ki, layihələr çərçivəsində kənd daxilində 25 km yol inşa edilib:
"Bundan əlavə 3 ədəd 1 aşırımlı avtomobili körpüsü, 2 ədəd piyada körpüsü inşa edilib. Burada həmçinin sosial obyektlər, 360 yerlik məktəb, hər biri 80 yerlik 2 uşaq bağçası, inzibati bina tibb məntəqəsi, 350 klub və musiqi məktəbidə inşa olunub. İşğaldan azad edilmiş ərazilərdə, yəni Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə ilk dəfə olaraq musiqi məktəbi də tikilib.
Təbii fəlakətlər zamanı, kəndin sel sularından mühafizəsi üçün 4019 metr uzunluqda müəyyən en kəsirlərində iritutumlu beton kanallar tikilib. Bu gün artıq kənddə 107 ailə məskunlaşıb. Bu gündə daha 107 ailənin qəbulu həyata keçiriləcək. Bununlada kənd sakinləri öz ata baba yurdlarında məskunlaşır".
