Bakı. Trend:
Qazaxıstanın Türküstan şəhərində 25 min azərbaycanlı yaşayır.
Bunu Trend-ə Ramilə Mustafayeva Qazaxıstanın Türküstan şəhərindəki Qarabağ Mədəniyyət Mərkəzinin rəhbəri deyib.
Onun sözlərinə görə, 2018-ci ildən fəaliyyət göstərən Qarabağ Mədəniyyət Mərkəzi Azərbaycan mədəniyyətini qoruyub saxlayır.
“Biz burda böyük məktəblər açmışıq: bazar günü məktəbləri, rəqs məktəbləri. Əlbəttə ki, bunun hamısında bizə dəstək olan Qazax millətinə birinci növbədə təşəkkürümü bildirirəm. Biz də çalışırıq ki, Azərbaycan və Qazaxıstan – bu iki dost, qardaş ölkə arasında qızıl körpü yaradaq. Mənim böyük məqsədim, əsas işim həm Azərbaycanda Qazaxıstanı, həm də Qazaxıstanda Azərbaycanı təmsil etməkdir. Bu mənim üçün böyük qürurdur,” - deyə Ramilə Mustafayeva bildirib.
O qeyd edib ki, 2024-cü ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan şəhərində Dostluq Evini açıb. Qarabağ Mədəniyyət Mərkəzi üçün xüsusi böyük kabinet ayrılıb.
Ramilə Mustafayeva bildirib ki, Türküstana gələn bütün qonaqları burada qarşılayırlar: "Burada böyük forumlar, tədbirlər və iclaslar keçirilir. Xoca Əhməd Yasəvi adına universitetdə Azərbaycandan 50-dən çox tələbə təhsil alır. Mərkəz həmçinin böyük iclaslar və gənclər forumlarına ev sahibliyi edir. Keçən il Türk dünyasının böyük forumu burada möhtəşəm şəkildə keçirilib və bura gələn qonaqlar ilk növbədə Azərbaycan mədəniyyətinə heyran qalırlar".
