Bakı.Trend:
Bu gündən etibarən Azərbaycanda ilk dəfə olaraq dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub. İlkin mərhələdə sistemdən Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçid zamanı istifadə etmək mümkündür. Növbəti mərhələdə isə xidmətin Abşeron dairəvi marşrutu üzrə bütün stansiya və dayanacaqlarda, daha sonra isə ölkənin ümumi dəmir yolu şəbəkəsində tətbiqi planlaşdırılır.
Yeni texnologiyanın sərnişin axınının idarə olunmasına, ödəniş prosesinin sürətləndirilməsinə və nəqliyyat sisteminin rəqəmsallaşdırılmasına necə təsir göstərəcəyi maraq doğurur.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Trend-ə açıqlamasında bildirib ki, üztanıma ilə ödəniş sistemi artıq dünyanın bir çox ölkəsində tətbiq edilir və xüsusilə Çin bu sahədə həm tətbiq, həm də təqdimat baxımından ciddi təcrübə formalaşdırıb. Onun sözlərinə görə, iri şəhərlərdə sərnişin sıxlığının çox olduğu məkanlarda əsas məqsəd insanların daha sürətli və rahat keçidini təmin etməkdir.
“Azərbaycanda sistemin ilkin mərhələdə Abşeron dairəvi dəmir yolu xəttində tətbiqi təsadüfi deyil. Hazırda xətt üzrə 15 stansiya fəaliyyət göstərir və gündəlik təxminən 42 min sərnişin daşınır. Məqsəd keçid prosesini daha operativ təşkil etməkdir. 2030-cu ilə qədər bu marşrut üzrə gündəlik sərnişin sayının 200 min nəfərə çatdırılması nəzərdə tutulur”.
R.Ağamirzəyev digər nəqliyyat növlərində də rəqəmsal həllərə ehtiyac olduğunu vurğulayıb: “Dəmir yolunda dayanacaqların sayının məhdud olması və ödənişin məsafəyə uyğun hesablanması bu sistemin tətbiqini asanlaşdırır. Lakin digər nəqliyyat növlərində proses daha mürəkkəbdir. Çünki şəhər üzrə 3000-dən çox avtobus dayanacağı mövcuddur və hazırda avtobuslarda ödəniş əsasən giriş hissəsində həyata keçirilir. Halbuki dünyanın bir çox şəhərlərində sərnişin axınının sürətləndirilməsi məqsədilə bütün qapılar üzrə ödəniş sistemi tətbiq olunur”.
Ekspertin fikrincə, gələcəkdə metro infrastrukturunda da məsafəyə əsaslanan model qurularsa, oxşar keçid və ödəniş həllərinin tətbiqi mümkün ola bilər. O bildirib ki, ümumilikdə bu proses geniş rəqəmsallaşma tələb edir və sərnişin axını artdıqca belə texnologiyalara ehtiyac daha da aktuallaşır.
“2026–2028-ci illəri əhatə edən dövlət proqramı çərçivəsində digər nəqliyyat növlərində də bu sistemlərin tətbiqi perspektivləri mövcuddur. Burada əsas məsələlərdən biri nəqliyyat növləri arasında sinxronizasiya və inteqrasiyanın təmin edilməsidir. Şəhər vahid mobillik sistemi kimi fəaliyyət göstərməli, bir nəqliyyat növündən digərinə məlumat ötürülməsi mümkün olmalıdır”, - deyə o əlavə edib.
Ekspert hesab edir ki, həm Bakı, həm də Böyük Bakı konsepsiyası çərçivəsində metro, avtobus və gələcəkdə yaradılması planlaşdırılan tramvay şəbəkəsi vahid ekosistemin tərkib hissəsi kimi işləməlidir. Bunun üçün bütün nəqliyyat sisteminin rəqəmsallaşdırılması, şəhər infrastrukturunun müasir texnoloji həllərlə inteqrasiyası və müvafiq platformaların qurulması əsas şərtlərdən biridir.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə Trend-ə açıqlamasında bildirib ki, bu model rəqəmsallaşmanın yeni elementlərindən biri hesab oluna bilər. Onun sözlərinə görə, müasir dövrdə ağıllı idarəetmə sistemləri yalnız rahatlıq deyil, həm də təhlükəsizlik və operativ idarəetmə baxımından böyük əhəmiyyət daşıyır və Azərbaycan bu istiqamətdə beynəlxalq təcrübəni tətbiq etməyə çalışır.
“İnkişaf etmiş ölkələrdə bu texnologiyalar xüsusilə insanların sıx hərəkət etdiyi məkanlarda axının düzgün idarə olunması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi baxımından mühüm nəticələr verir. Əsas məqsəd insan faktorunu minimuma endirmək, vaxt itkisini azaltmaq və xidmət keyfiyyətini artırmaqdır”.
E.Cəfərovun sözlərinə görə, sistemin üstünlüklərindən biri də giriş zonalarında sıxlığın azaldılması, kontaktsız keçid imkanlarının yaradılması və sərnişin axınının daha effektiv idarə olunmasıdır. O hesab edir ki, gələcəkdə bu texnologiyalar nəqliyyat sahəsində statistik məlumatların toplanması və planlamanın daha səmərəli aparılması baxımından da mühüm rol oynaya bilər.
“Azərbaycan son illərdə rəqəmsal xidmətlər sahəsində ciddi təcrübə qazanıb. Elektron hökumət xidmətləri, ASAN xidmət modeli və rəqəmsal ödəniş sistemlərinin geniş tətbiqi ölkədə bu sahə üzrə texnoloji bazanın artıq formalaşdığını göstərir”, - deyə o əlavə edib.
