Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır - Vüqar Rəhimzadə

Cəmiyyət Materials 15 May 2026 19:35 (UTC +04:00)
Ümumdünya Şəhərsalma Forumu qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platformadır - Vüqar Rəhimzadə
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan COP29 tədbirindən sonra iştirakçılarının sayına görə ikinci böyük və qlobal əhəmiyyətə malik tədbirə ev sahibliyi edəcək. Artıq hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Paytaxt Bakımız 180 ölkədən 32 mindən çox iştirakçını bir araya gətirib “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına (WUF13) ev sahibliyinə hazırdır.

Prezident İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək tədbirlə bağlı görülən işlərlə tanış oldu. Qeyd olundu ki, tədbir məkanı Bakı Olimpiya Stadionu və onun ətrafında formalaşdırılan ümumi əməliyyat əhatə dairəsi üzrə 53 hektar təşkil edir. Bunun 43 hektarı əsas tədbir məkanı, 10 hektarı isə əsas nəqliyyat terminalı və parklanma-transfer zonası kimi planlaşdırılıb. Qeydiyyat, sessiya, sərgi, media, nəqliyyat, texniki təminat, könüllülər və məkan xidmətləri vahid əməliyyat sistemi kimi təşkil olunub. Ümumdünya Şəhərsalma Forumu əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Azərbaycan COP29 iqlim konfransında olduğu kimi, Ümumdünya Şəhərsalma Forumu platforması vasitəsilə də yeni tərəfdaşlar və dostlar qazanacaq, beynəlxalq əməkdaşlıq imkanlarını genişləndirəcək Qlobal şəhərsalma gündəliyinin Azərbaycanda müzakirə olunması, 180 ölkənin hər birinin öz təcrübəsini bölüşməsi təqdirəlayiqdir. Müasir dövrdə şəhərsalma yalnız infrastruktur quruculuğu ilə məhdudlaşmır, bu proses sosial rifahın yüksəldilməsi, ekoloji tarazlığın qorunması və rəqəmsal innovasiyaların vəhdətini təşkil edən mürəkkəb bir ekosistemdir. Bu kontekstdə Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin nüfuzlu tədbiri - Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) qlobal inkişaf modellərinin yenidən formalaşdığı mərkəzi platforma kimi çıxış edir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilib. Tarixi Zəfərimizin, suverenliyimizin bərpasının reallıqları əsasında azad Qarabağımızda və azad Şərqi Zəngəzurumuzda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycanın müasir şəhərsalma təcrübəsinin təqdimatında əhəmiyyətli rol oynayır. Qarabağ və Şərqi Zəngəzur müasir şəhərsalma prinsiplərinə əsaslanan intibah dövrünü yaşayır. Bu torpaqlarda keçirilən Azərbaycan Milli Şəhərsalma forumları özündə bugünümüz və gələcəyimizlə bağlı mühüm çağırışları ehtiva edir. Bu tədbirlər Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına gedən yolun başlanğıcı kimi qəbul edildi. Ağdam, Zəngilan və Xankəndi şəhərlərinin ev sahibliyi ilə keçirilən Azərbaycan Milli Şəhərsalma forumlarının iştirakçılarının say tərkibində hər dəfə nəzərə çarpan artımlar tədbirin əhəmiyyətini, müzakirəyə çıxarılan mövzuların aktuallığını, ən əsası tədbirin keçirildiyi məkanların rolunu bir daha təsdiqlədi. Artıq paytaxt Bakı ilə yanaşı, regionlarımızın, işğaldan azad edilmiş ərazilərimizin diplomatik mərkəz kimi dünyanın diqətində olması onların müasir şəhərsalma standartlarına yüksək səviyyədə cavab verdiklərini sübut edir. Bir sözlə, ölkədə həyata keçirilən şəhərsalma proqramları, müasir infrastruktur layihələri və işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri bu sahədə Azərbaycanı regionun qabaqcıl ölkələrindən birinə çevirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Azərbaycan qlobal çağırışları özündə ehtiva edən bu kimi tədbirlərə ev sahibliyi ilə beynəlxalq aləmdə söz sahibliyini, liderliyini təsdiqləyir. Hər bir ölkənin təqdimatında onun sabit, təhlükəsiz məkan olması əsas faktorlardan biridir. Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsini şərtləndirən amillərdən biri məhz budur. Ən təhlükəsiz ölkə kimi tanınan Azərbaycanın bu gün regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə verdiyi töhfələr beynəlxalq səviyyədə təqdir edilir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının müzakirəyə çıxardığı mövzu günümüzün əsas hədəfini açıqlayır. Bakı Forumunda əsas müzakirə mövzusu olacaq dayanıqlı və təhlükəsiz şəhərlərin qurulması təcrübə mübadiləsini, səylərin birləşdirilməsini bir tələb kimi qarşıya qoyur. Şəhərsalma hər bir ölkənin müasirliyə, yeniliyə önəmini nümayiş etdirməklə yanaşı, iqtisadi imkanlarının təqdimatında mühüm rol oynayır. Bu baxımdan Azərbaycanın dayanıqlı iqtisadi inkişafı qarşıya qoyulan hər bir hədəfə doğru inamla irəliləməsini şərtləndirir. Şəhərlərimiz sürətlə böyüyür, bu prosesin planlı və dayanıqlı olması gələcək nəsillərin rifahı üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan inkişaf strategiyasında bütün bu məqamlara xüsusi önəm verir.

Millət vəkili bildirib ki, mayın 17-dən 22-dək davam edəcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası gündəmə gətirdiyi məsələlərlə bağlı uğurlu nəticələrin əldə edilməsi ilə tarixə düşəcək. Buna əsas verən Azərbaycanın bu sahədə zəngin təcrübəyə malik olması, eyni zamanda, ev sahibliyi etdiyi hər bir tədbirin uzun illər uğurlu nəticələri ilə diqqətdə olmasıdır. 2024-cü ildə ev sahibliyi etdiyimiz COP29 iqlim konfransının nəticələri bu gün də dünya mətbuatında geniş müzakirə edilir. Həmin tədbir iqlim diplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirildi. 80 ölkənin dövlət və hökumət başçısının, qeydiyyatdan keçmiş 76 mindən çox iştirakçının qatıldığı COP29-un çox yüksək səviyyədə keçirilməsinin qonaqlarda yaratdığı xoş təəssüratlardan qürur duyduq. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29 çərçivəsində ölkəmizin təşəbbüsü ilə şəhərsalma və iqlim tədbirlərinin inteqrasiyasına həsr edilmiş xüsusi Nazirlər Görüşü əvvəlki illərdən fərqli olaraq bütün gün ərzində davam edən genişformatlı tədbirə çevrildi. Prezident İlham Əliyev Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək onu da bildirmişdir ki, mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək.

Vüqar Rəhimzadə ümumiləşdirilmiş şəkildə qeyd edib ki, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası mühüm dialoq məkanı rolunu oynayacaq. Bu Forum ölkələrə ötən dövrdə əldə olunmuş təcrübələri müzakirə etmək və gələcək üçün yeni, innovativ model müəyyənləşdirmək imkanı yaradacaq. Azərbaycan üçün bu Forum həm ölkəmizin qlobal şəhərsalma gündəliyindəki mövqeyini möhkəmləndirmək, həm də regionda dayanıqlı və ağıllı şəhərsalma modellərini təşviq etmək üçün əvəzsiz platformadır. Hazırda Azərbaycan azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər” və “ağıllı kənd” strategiyasının uğurları ilə diqqətdədir. Bu strategiya rəqəmsal transformasiya, dayanıqlı urbanizasiya və əhalinin yüksək rifah halını hədəfləyir, xüsusilə işğaldan azad edilmiş ərazilərdə ənənəvi modeldən fərqli, innovativ texnologiyalara əsaslanan yeni yaşayış məntəqələrinin qurulmasını təmin edir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dailr Milli Prioritetlər”də Qarabağın və Şərqi Zəngəzurun yaşıl zonaya və dayanıqlı inkişaf məkanına çevrilməsi hədəflənib. Tədbirdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən misilsiz yenidənqurma və şəhərsalma modeli, həmçinin işğaldan azad edilmiş ərazilərimizdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları, bu regionların yaşıl enerji zonasına çevrilməsi ilə bağlı görülmüş işlər müasir urbanizasiya və ekoloji bərpa sahəsində qabaqcıl nümunələr kimi dünya ictimaiyyətinə təqdim ediləcək. WUF13, həmçinin WUF tarixində ilk dəfə Liderlər Sammiti seqmentinin proqrama daxil edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu mötəbər tədbirdə 32 mindən artıq iştirakçının bir araya gəlməsi Azərbaycanın uğurudur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti