Bakı.Trend:
Qarabağ və Şərqi Zəngəzurun bərpası postmünaqişə reabilitasiyasının effektiv modelidir.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov Bakıda keçirilən “Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfrans zamanı deyib.
“Qarabağ və Şərqi Zəngəzurda təxminən altı illik inkişaf prosesinə nəzər saldıqda, bu gün artıq əminliklə deyə bilərik ki, bu, postmünaqişə reabilitasiyasının çox yaxşı və işlək modelidir. Biz məmnunuq ki, gələn həftə bu nailiyyətləri nümayiş etdirə biləcəyik - ayrı-ayrı layihələri deyil, bütövlükdə “Böyük Qayıdış” proqramını postmünaqişə bərpasının bir modeli kimi təqdim edəcəyik”, – deyə o bildirib.
Ramil Cahangirov qeyd edib ki, əsas elementlərdən biri institusional komponentdir və bu, koordinasiya baxımından mühüm əhəmiyyət daşıyır, çünki çoxsaylı maraqlı tərəflərin koordinasiyası olmadan bu proses mümkün olmazdı.
Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda şəhər siyasətinə kompleks yanaşma da vacibdir: "Trpaq bölgüsündən tikinti və istismar icazələrinədək bütün proses Dövlət Komitəsinin idarəçiliyindədir. Bu, mərkəzləşdirilmiş yanaşmanın təmin edilməsi üçün zəruridir”.
