Cəbrayılda müasir standartlara cavab verən yeni tibb müəssisəsi tikilir (FOTO)

Cəmiyyət Materials 15 May 2026 19:23 (UTC +04:00)
Cəbrayılda müasir standartlara cavab verən yeni tibb müəssisəsi tikilir (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Cəbrayıl. Trend:

İşğaldan azad olunan Cəbrayıl şəhərində həyata keçirilən genişmiqyaslı quruculuq işləri çərçivəsində səhiyyə infrastrukturunun yaradılması istiqamətində də mühüm addımlar atılır.

Bunu Trend-in Qarabağ bürosuna müsahibəsində Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrin Müdiriyyətində şöbə müdiri Cabir Muradov deyib.

Onun sözlərinə görə, hazırda şəhərdə müasir standartlara cavab verən yeni tibb müəssisəsinin tikintisi davam etdirilir, sakinlərin keyfiyyətli tibbi xidmətlə təmin olunması üçün geniş imkanlar yaradılır:

"Bu istiqamətdə həyata keçirilən layihələrdən biri də 150 çarpayılıq Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının inşasıdır.

Xəstəxananın təməli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ildə qoyulub. Təxminən 5 hektar ərazini əhatə edən tibb müəssisəsində terapiya, cərrahiyyə, pediatriya, doğum, yoluxucu xəstəliklər, anesteziologiya-reanimasiya, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək.

Bundan əlavə, xəstəxanada poliklinika, şüa-diaqnostika, funksional-diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, eləcə də klinik diaqnostika laboratoriyası yaradılacaq. Hazırda əsas bina ilə yanaşı, yoluxucu xəstəliklər, hemodializ və poliklinika korpuslarının, təcili tibbi yardım stansiyasının, həmçinin Cəbrayıl Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və digər yardımçı binaların tikintisi davam etdirilir".

C.Muradov qeyd edib ki, burada əsas bina ilə yanaşı, eyni ərazidə digər korpuslar da tikilir:

"Əsas xəstəxana binası ilə yanaşı, xəstəxananın şöbələri olan yoluxucu xəstəliklər korpusu, hemodializ korpusu, həmçinin müstəqil fəaliyyət göstərəcək digər tibb müəssisələri də inşa edilməkdədir. Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi, eləcə də Təcili Tibbi Yardım Stansiyasının binaları da tikilir.

Xəstəxananın təməli cənab Prezident tərəfindən 2021-ci ildə qoyulub, 2024-cü ildən isə tikinti işlərinə başlanılıb. 2027-ci ilin sonuna kompleksin tam şəkildə tamamlanması, 2028-ci ildə isə tibbi xidmətin təşkili nəzərdə tutulur".

Şöbə müdiri onu da qeyd edib ki, poliklinika binası 4 mərtəbədən ibarətdir:

"Poliklinika binasında və əsas binanın A blokunun 1-ci mərtəbəsində yerləşəcək funksional diaqnostika və şüa diaqnostikası şöbələrində Cəbrayıl rayonuna köçürülən ailələrin köç dinamikasına uyğun olaraq ambulator xidmətlərin təşkili planlaşdırılır. Bu məqsədlə 2026-cı ilin sonuna qədər həmin binaların tibbi avadanlıqlar və mebellərlə təchiz edilərək istifadəyə hazırlanması nəzərdə tutulub.Ümumilikdə layihənin 55 faizi icra olunub. Xəstəxanada müasir tibbi standartlara cavab verən tibbi avadanlıqlar, kompüter tomoqrafiyası, maqnit rezonans tomoqrafiyası və rəqəmsal rentgen cihazları nəzərdə tutulub.Binada qəbul və təcili yardım, cərrahiyyə, pediatriya, terapiya, reanimasiya, tibbi bərpa və fizioterapiya şöbələri əhaliyə xidmət göstərəcək”.

Xəbər lenti

Xəbər lenti