Bakı. Trend:
Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi bu gün 19 apreldə Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanının nəticələrini açıqlayıb.
İmtahanda ən yüksək nəticəni (300 bal) toplayan Naxçıvan Muxtar Respublikası, Ordubad rayonu, Aşağı Əylis kənd tam orta məktəbinin cari il məzunu Babazadə Ayxan Asiman oğlu imtahan barədə ilk təəssüratlarını Trend-ə bildirib.
Onun sözlərinə görə, Naxçıvan birincisi olmaq, imtahanda maksimum nəticə göstərmək qürurvericidir:
"Çox qürurverici bir hissdir. Ölkə birincilərinden olmaqla ailemi qürurlandırdığım üçün özümlə fəxr edirəm. Nəticəmi müəllimim zəng vurub dedi, nəticələrin açıqlandığından, birinci olduğumdan xəbərsiz idim. Yüksək nəticə göstərəcəyimə inanırdım. Hədəfim məhz bu idi".
Ayxan hansı sahəni seçəcəciyini də açıqlayıb. O qeyd edib ki, hələ hansı universitetdə təhsil alacağına isə qərar verməyib:
"Hüquqşünas ixtisasını seçəcəm. Hələ ki, universitet seçimi etməmişəm. Konkret bir qərara gəlməmişəm. 9-cu sinifdən bəri hazırlığa gedirəm. İmtahanla bağlı elə də çətinlik yox idi. Digər zonalarla, demək olar ki, eyni səviyyədə idi".
Naxçıvan birincisi qeyd edib ki, şagirdlər özlərinə inansalar, təmkinli olsalar daha yüksək nəticə göstərə bilərlər.
