Bakı. Trend:
Bu gün Qazaxıstan ilə Azərbaycan arasında çoxşaxəli əməkdaşlıq bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir.
Trend xəbər verir ki, bunu jurnalistlərə Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alim Bayel “Dövlət idarəçiliyində innovativ texnologiyalar: Azərbaycan Respublikasının təcrübəsi” mövzusunda təcrübə proqramının açılışı çərçivəsində bildirib.
“Bu gün dünyada vəziyyət, gördüyünüz kimi, çox mürəkkəbdir. Buna görə də qardaş türk dövlətləri bir yerdə olmalı, birgə fəaliyyət göstərməli və birliyi möhkəmləndirməlidirlər. Mən qəti şəkildə əminəm ki, qarşıdakı dövr böyük çağırışlarla yanaşı, böyük imkanlarla da zəngin olacaq. Bu dövrdə məhz xalqla hakimiyyətin bir olduğu, vahid cəbhə kimi çıxış etdiyi ölkələr ayaqda qalacaq. Bu baxımdan, əlbəttə ki, dövlət aparatı və dövlət qulluqçularının rolu çox böyükdür”, – deyə A. Bayel bildirib.
Səfirin sözlərinə görə, dövlət xidməti səmərəli və müasir olmalıdır.
“Bu səbəbdən belə proqramlar böyük əhəmiyyət kəsb edir və biz bu təlimin təşkilinə görə Azərbaycan tərəfinə çox minnətdarıq”, - deyə o əlavə edib.
