Xocavənd. Trend:
Xocavənd şəhərinə qayıdan ailələrə mənzillərinin açarları təqdim olunub.
Trend-in Qarabağ bürosu xəbər verir ki, bu mərhələdə 64 ailə (253 nəfər) Xocavənd şəhərinə, öz doğma yurdlarına qayıdıb.
Yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla, ümumilikdə 201 ailə
(762 nəfər) Xocavəndə daimi olaraq köçürülüb. Sakinlər həm
çoxmənzilli binalara, həm də bərpa edilən fərdi evlərə
yerləşdiriliblər. Mənzillər müasir tələblərə uyğun səviyyədə bərpa
olunub.
xxx
13:20
Növbəti köç karvanı mənzil başına çatıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, səhər saatlarında yola salınan 64 ailədən ibarət köç karvanı Xocavənd şəhərinə çatıb.
Mənzil başına çatan ailələrə yaxın saatlarda yeni evlərinin açarlarının təqdim olunacaq.
xxx
12:18
Bakı. Trend:
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesi davam edir. Qayıdış proqramı çərçivəsində bu mərhələdə Xocavənd şəhərinə 64 ailə, ümumilikdə 253 nəfərdən ibarət köç karvanı yola salınıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış məcburi köçkünlərdir.
Doğma yurda qayıdan sakinlər onlara göstərilən yüksək dövlət qayğısına görə minnətdarlıqlarını ifadə ediblər. Onlar Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər həmçinin torpaqların işğaldan azad olunması uğrunda göstərilən şücaətə görə Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərə rəhmət diləyiblər.
