...

Çin şirkəti Ələtdə böyük layihəyə start verir (ÖZƏL)

Energetika Materials 31 Mart 2026 11:27 (UTC +04:00)
Çin şirkəti Ələtdə böyük layihəyə start verir (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ələt Azad İqtisadi Zonasında (ƏAİZ) rəsmi olaraq qeydiyyatdan keçmiş ilk Çin şirkəti olan “Sunsync”yə ƏAİZ-də Günəş elektrik stansiyasının (GES) tikintisi üçün ərazi təklif olunub.

Bunu Trend-ə özəl müsahibəsində Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov deyib.

O bildirib ki, sözügedən Çin şirkəti əvvəlcə öz qabaqcıl texnologiyaları və innovasiya imkanlarını Azərbaycana gətirərərək, ƏAİZ-də 23 hektarlıq günəş paneli istehsalı müəssisəsini quracaq:

“İstehsal edilən məhsulların əksər hissəsi ixrac olunacaq. Çünki istehsal həcmi çox böyük olacaq. İlk gündən məqsəd ondan ibarətdir ki, tək Azərbaycan bazarı yox, dünya bazarına çıxaq. Təbii ki, Ələt Azad İqtisadi Zonasında Çin şirkəti tərəfindən istehsal ediləcək günəş panellərindən Azad Zonada tikilən müəssisələrin damının örtülməsində də istifadə etməyi investorlara tövsiyə edirik. Eyni zamanda, əlbəttə ki, həmin şirkət Azərbaycanda keçiriləcək bütün tenderlərdə panellərin satışında iştirak edəcək”.

V. Ələsgərov vurğulayıb ki, Çin şirkəti ƏAİZ-də sözügedən məhsulların istehsalına başladıqdan sonra Günəş elektrik stansiyaları inşa edən şirkətlər üçün panelləri buradan almaq daha rahat və əlverişli olacaq:

“Biz “Sunsync” şirkətinə Günəş elektrik stansiyası tikmək üçün də ərazi verməyə hazır olduğumuzu bildirmişik. Yəni sözügedən Çin şirkəti üçün Ələt Azad İqtisadi Zonasında istehsal edəcəyi günəş panellərindən istifadə etməklə Günəş elektrik stansiyası tikərək, oradan əldə olunacaq “yaşıl enerji"ni ƏAİZ-də çalışan şirkətlərə satmaq imkanı yarana bilər”.

Sədr eyni zamanda digər layihə üzərində də çalışdıqlarını diqqətə çatdırıb:

“Bu, külək elektrik stansiyalarının (KES) istehsalı ilə bağlıdır. ƏAİZ-də KES-lər üçün pərlər və digər zəruri avadanlıqların istehsalı üzrə müəssisənin inşası üçün bir neçə şirkətlə danışıqlar aparılır. Belə ki, ƏAİZ-də külək elektrik stansiyaları üçün lazım olan avadanlıqların istehsalı istehsal və inşaat xərclərini azaldacaq, eyni zamanda külək elektrik stansiyaları avadanlıqlarının daşınması üçün yaranan nəqliyyat və logistika çətinliklərini aradan qaldıracaq.

Paralel olaraq artıq ağır sənaye üçün ayrılmış ərazidə inşaat işlərinə başlamışıq. 364 hektarda torpaq işlərini bitirmişik. Bu il, başqa infrastruktur işlərinə də başlamağı planlaşdırırıq. Ağır sənaye üçün ayrılmış ərazinin daxilində işlər Səlahiyyətli Qurum tərəfindən aparılacaq. Ərazi xaricində isə yaxın zamanda “Azərenerji” böyük bir yarımstansiya tikintisi işlərinə başlayacaqdır. Bununla yanaşı digər dövlət qurumları da infrastruktur işlərini aparacaqlar. Artıq çox müsbət bir haldır ki, ağır sənaye üçün ayrılmış ərazidə fəaliyyət göstərmək məqsədilə müraciətlər daxil olur. Yaxın zamanda Ələt Azad İqtisadi Zonasında böyük müəssisələrin yaradılması ilə bağlı layihələri elan edəcəyik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti