Bakı.Trend:
Azərbaycanda bayram günlərində müşahidə olunan intensiv yağışlar paytaxt və bölgələrdə infrastrukturun fəaliyyətinə ciddi təsir göstərib. Yağış suları xüsusilə Abşeron rayonunun Masazır qəsəbəsini içməli su ilə təmin edən nasos stansiyasında nasazlığa səbəb olub və nəticədə beş gündür qəsəbənin bəzi ərazilərinə suyun verilməsi dayandırılıb.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, intensiv yağışlardan sonra ərazidəki nasos stansiyasında yaranan problem hazırda aradan qaldırılmaqdadır.
"Ötən gün axşamdan 2 nasos işə salınıb, dünən gecədən səhər saatlarına qədər suyun verilməsi bir sıra ünvanlar üzrə həyata keçirilib. Hazırda da nasosxanada bərpa işləri instensiv davam etdirilir. Bu gün ərzində də suyun fasilələrlə verilməsi həyata keçirilib və proses digər ünvanlar üzrə davam etdirilir".
Həmçinin bildirilib ki, nasos stansiyasında yaranan vəziyyət tam aradan qaldırılan kimi bütün ünvanlar üzrə suyun verilməsi əvvəlki qrafikə uyğun bərpa ediləcək.
