...

1918-ci ilin mart-aprel hadisələri milli kimliyimizə qarşı yönəlmiş sistemli cinayətdir – Kamal Cəfərov

Siyasət Materials 30 Mart 2026 13:35 (UTC +04:00)
1918-ci ilin mart-aprel hadisələri milli kimliyimizə qarşı yönəlmiş sistemli cinayətdir – Kamal Cəfərov
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

1918-ci ilin mart-aprel hadisələri Azərbaycan xalqının tarixində yalnız mülki əhaliyə qarşı törədilmiş kütləvi bir qırğın olmayıb, eyni zamanda bu hadisələr milli kimliyimizə qarşı yönəlmiş sistemli bir cinayətdir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

Millət vəkili bildirib ki, Qarabağ və Zəngəzura erməni əhalisinin yerləşdirilməsi, demoqrafik vəziyyətin zorla dəyişdirilməsi və kütləvi qırğınlar xalqımıza qarşı aparılan təcavüzün qanlı səhifələridir. Prezident İlham Əliyev bu cinayətlərin coğrafiyasının nə dərəcədə geniş olduğunu və Bakı, Quba, Şamaxı, Lənkəran, Naxçıvan və digər ərazilərin eyni vəhşiliyə məruz qaldığını hər zaman diqqət mərkəzində saxlayır.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu hadisələrə ilk dəfə siyasi qiymət verilməsinin əsasını qoyub. Bu fərmandan sonra aparılan elmi araşdırmalar, xüsusən Şamaxı və Qubada törədilən vəhşiliklərin görünməyən tərəflərini üzə çıxarıb. Şamaxı qəzasında 86 kəndin təcavüzə məruz qalması, Qubada insanların küt alətlərlə qətlə yetirilməsi erməni şovinizminin real simasını göstərir.

Kamal Cəfərovun fikrincə, bu tarixi həqiqətlərin araşdırılması və tərcümə olunaraq dünyaya çatdırılması soyqırımı qurbanlarının xatirəsi qarşısında mənəvi borcdur. İrəvan quberniyasında 199 kəndin dağıdılması və minlərlə insanın məhv edilməsi faktları göstərir ki, erməni silahlı dəstələri heç bir etik və bəşəri norma tanımayıblar.

O qeyd edib ki, bu gün Azərbaycan dövlətinin nümayiş etdirdiyi iradə, tarixin bu qanlı dərslərindən nəticə çıxararaq daha güclü bir gələcək qurmağa xidmət edir. Şamaxı hadisələrinin və digər bölgələrdəki cinayətlərin tam mənzərəsinin formalaşdırılması istiqamətindəki işlər dayanmadan davam etdirilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti