Bakı. Trend:
Soyqırımı insanların milli, etnik, irqi, dini və digər mənsubiyyətinə görə məhv edilməsidir. Təəssüflə qeyd edilməlidir ki, tarixdə müxtəlif xalqların, etnosların taleyində dərin və acı iz qoyan bu cür hadisələr az olmayıb. Bu sırada ermənilərin XIX əsrdən başlayaraq Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətləri bəşər tarixinin ən qanlı və insanlığa ləkə olan səhifələridir.
Erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən ən dəhşətli cinayətlərdən biri 108 il əvvəl, 1918-ci ilin mart və aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələrinin xüsusi qəddarlıqla törətdikləri kütləvi qətliamlardır. Həmin dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda on minlərlə azərbaycanlının milli mənsubiyyətinə görə məhv edilməsi, yaşayış məntəqələrinin dağıdılması, mədəniyyət abidələrinin, məscidlərin, qəbiristanların yerlə yeksan edilməsi “böyük Ermənistan” xülyası naminə erməni şovinistlərinin xalqımıza qarşı mərhələ-mərhələ həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı mərhələlərindən biridir. Tarixi faktlar təsdiq edir ki, 1918-ci ildə Bakı quberniyasında erməni mütəşəkkil silahlı dəstələri tərəfindən 50 mindən çox azərbaycanlı qətlə yetirilib, yüzlərlə kənd yandırılıb və talan edilib.
Azğınlaşmış erməni millətçilərinin 1918-ci ilin mart və aprel aylarında törətdikləri soyqırımı cinayətlərinin coğrafiyası Azərbaycanın digər bölgələrini də əhatə edir. Qarabağ, Zəngəzur, Naxçıvan və İrəvanda kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən ermənilər tərəfindən dinc əhaliyə cinsinə və yaşına fərq qoyulmadan qəddarcasına divan tutulub. Təkcə qədim Azərbaycan yurdu olan İrəvan quberniyasında 135 min nəfərdən artıq azərbaycanlı soyqırımına məruz qalıb.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 1918-ci ilin mart-aprel aylarında xalqımıza qarşı törədilən soyqırımı cinayətlərinin araşdırılması istiqamətində müəyyən addımlar atılmışdı. Lakin Cümhuriyyətin süqutu və Azərbaycanın işğalı bu işlərin sona çatdırılmasına imkan vermədi. Bu baxımdan mövcud tarixi reallıqlar şəraitində xalqımıza qarşı XX əsr boyu həyata keçirilmiş soyqırımı və digər cinayətlər uzun onilliklər obyektiv hüquqi və siyasi qiymətini almadı. Yalnız Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra ermənilər tərəfindən xalqımıza qarşı XX əsr boyu həyata keçirilmiş soyqırımı cinayətlərini araşdırmaq, bu hadisələrə hüquqi-siyasi qiymət vermək və onları dünyaya yaymaq mümkün oldu. Bu baxımdan Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinə verilən fundamental hüquqi-siyasi qiymətdir. Fərmanda qeyd olunduğu kimi Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülən, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil edib.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan olunub. Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən miqyaslı aksiyaları ürək ağrısı ilə yad edirik. Həmin gün keçirilən tədbirlərin məqsədi həm də tariximizin uzun illər obyektiv qiymətini almamış, təhrif olunmuş hadisələrinə yenidən nəzər salmaq, nəticələr çıxarmaq, gələcək üçün vəzifələr müəyyən etməkdir.
“Azərbaycanlıların soyqırımı haqqında” Fərmanın imzalanmasından sonra xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb. Bir neçə il əvvəl isə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Burada üzə çıxarılmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
Ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımı və deportasiya cinayətləri isə yalnız 1918-ci illə yekunlaşmır. Hələ 1918-ci ildən əvvəl, 1905-1907-ci illər hadisələri zamanı Bakıda, Qarabağda və digər bölgələrimizdə dinc azərbaycanlılara qarşı həyata keçirilən qətliamlar ermənilərin çirkin və məkrli niyyətlərini reallaşdırmaq üçün başlatdıqları soyqırımı siyasətinin ilkin mərhələsi idi. Azərbaycanlıların tarixi torpaqlarımız olan indiki Ermənistan ərazisindən 1948-1953-cü və 1988-1991-ci illərdəki deportasiyası zamanı həm də xalqımıza qarşı soyqırımı cinayətləri törədilib. Erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı soyqırımı cinayətləri Xocalı şəhərinin, Qazax rayonunun Bağanıs Ayrım, Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban və Başlıbel kəndlərinin işğalı zamanı törədilib. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər şəhərlərində yaşayış binalarının və mülki infrastrukturların atəşə tutulması da ermənilərin yalnız xalqımıza qarşı deyil, insanlığa qarşı törətdikləri növbəti cinayətlər idi.
Bu gün qarşımızda duran vəzifələrdən biri tarix boyu xalqımıza qarşı həyata keçirilən soyqırımı cinayətləri ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq, erməni millətçiliyinin bəşəriyyət üçün ləkə olduğunu, erməni terrorçuluğunun dünya üçün təhlükə olduğunu göstərmək və saxta “məzlum erməni” obrazını ifşa etməkdir. Respublikamızda bu sahədə görülən işlər təqdirəlayiqdir. Prezident İlham Əliyevin yürütdüyü hücum diplomatiyası, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ötən illərdə erməni millətçilərinin soyqırımı cinayətlərinin ifşa edilməsində böyük rol oynayıb. Quba rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Soyqırımı Memorial Kompleksi soyqırımı cinayətlərini dünyaya bəyan edir. Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən azərbaycanlıların soyqırımının yüzüncü ildönümünə həsr olunmuş tədbirlərin, o cümlədən Milli Məclisin bununla bağlı xüsusi iclasının keçirilməsi erməni cinayətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı fəaliyyətin sistemli və ardıcıl olduğunu göstərir.
Qeyd etdiyim kimi, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan xüsusi komissiyanın fəaliyyəti yarımçıq qalmışdı. Lakin bu gün Azərbaycan dövləti beynəlxalq səviyyədə özünün milli maraqlarını qətiyyətlə təmin edir. Bu baxımdan əminliklə deyə bilərik ki, torpaqlarını işğaldan azad edən respublikamız xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinə də beynəlxalq obyektiv siyasi-hüquqi qiymətin verilməsinə nail olacaq.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı