Bakı. Trend:
Martın 30-u saat 16:00 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, Zaqatala rayonunun Muğanlı kənd sakini 1987-ci il təvəllüdlü Qurbanov Elvin İsmayıl oğlu idarə etdiyi “Vaz 2101” minik markalı 08-BK-566 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən əks yolla hərəkətdə olan 1977-ci il təvəllüdlü Yusifov Samir Samid oğlunun idarə etdiyi “Mercedes-Benz E-240” minik markalı 90-XR-566 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
Nəticədə “Vaz 2101” markalı avtomobildə olan sərnişin 1972-ci il təvəllüdlü Qurbanov Ülfət İsrafil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü Qurbanov Elvin İsmayıl oğlu və avtomobildə olan digər sərnişinlər 2007-ci il təvəllüdlü Qurbanov Səməndər Mehman oğlu, 2009-cu il təvəllüdlü Məmmədov Loğman Natiq oğlu, 1985-ci il təvəllüdlü İbrahimov Səməd Yusif oğlu, “Mercedes-Benz E-240” minik markalı avtomobilin sərnişini 1976-cı il təvəllüdlü Yusifova Natəvan Rəsul qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq Bölməsində CM-nin 263.2-ci madddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
