...

Transbalkan marşrutu üçün vahid kommersiya mexanizmi razılaşdırılıb

Energetika Materials 31 Mart 2026 10:09 (UTC +04:00)
Transbalkan marşrutu üçün vahid kommersiya mexanizmi razılaşdırılıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstan–Bolqarıstan interkonnektorunun (IGB) operatoru olan ICGB şirkəti, Yunanıstanın (DESFA), Bolqarıstanın (Bulgartransgaz), Rumıniyanın (Transgaz), Moldovanın (Vestmoldtransgaz) və Ukraynanın (Gas TSO of Ukraine) qaz nəqliyyatı sistemi operatorları ilə tərəfdaşlıq çərçivəsində, Avropa Komissiyasının koordinasiyası ilə Transbalkan marşrutu üzrə vahid kommersiya mexanizmi razılaşdırıb.

Trend bu barədə ICGB-yə istinadən məlumat yayıb.

Şirkətdən bildirilib ki, bu qərar Avropa İttifaqı (Aİ) normalarına uyğun, davamlı və uzlaşdırılmış modelin formalaşdırılması istiqamətində mühüm addımdır və marşrut boyunca harmonizasiya olunmuş, şəffaf tarif yanaşmasını nəzərdə tutur.

“Bu, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində qazın təhlükəsiz və rəqabətədavamlı təchizatının təmin edilməsi üçün əsas marşrut kimi Şaquli dəhlizin rolunu gücləndirir”, — deyə ICGB-nin məlumatında qeyd olunur.

Məlumata görə, 2026-cı ilin oktyabrından etibarən qaz nəqliyyat sisteminin operatorları Transbalkan dəhlizi boyunca bütün qoşulma nöqtələrində rəqabətədavamlı tariflərlə illik, rüblük, aylıq və gündəlik güc məhsulları təklif edəcəklər. Bunun marşrutun kommersiya cəlbediciliyini, bazarların inteqrasiyası səviyyəsini və müvafiq ölkələrdə likvidliyi əhəmiyyətli dərəcədə artıracağı gözlənilir.

Keçid dövrü üçün operatorlar mövcud güc məhsullarının qüvvədə olma müddətinin 2026-cı ilin oktyabrınadək uzadılması xahişi ilə milli tənzimləyicilərə müraciət ediblər ki, bu da Ukraynaya qaz tədarükünün fasiləsizliyini təmin etməyə imkan verəcək.

Qeyd edək ki, Transbalkan dəhlizi Yunanıstanı, Bolqarıstanı, Rumıniyanı, Moldovanı və Ukraynanı birləşdirən regional qaz nəqli marşrutudur və Aİ tərəfindən dəstəklənən “Şaquli qaz dəhlizi” təşəbbüsünün tərkib hissəsidir. Bu marşrut, xüsusilə mayeləşdirilmiş təbii qaz (LNG) və Xəzər qazı hesabına tədarük mənbələrinin şaxələndirilməsində, eləcə də Cənub-Şərqi və Mərkəzi Avropada enerji təhlükəsizliyinin və bazar inteqrasiyasının gücləndirilməsində getdikcə daha mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti