Bakı.Trend:
Səhiyyə Nazirliyinin yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının açılışı olub.
Trend xəbər verir ki, Səhiyyə Nazirliyinin dəstəyi ilə Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu nəzdində yaradılan yeni klinika ölkə vətəndaşlarına beynəlxalq standartlara uyğun rekonstruktiv və estetik cərrahiyyə xidmətləri göstərəcək.
Bildirilib ki, klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir.
Klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov bildirib ki, Yeni Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının yaradılması Azərbaycan tibb tarixində yeni mərhələdir, yaxın günlərdə klinika tam olaraq fəaliyyətə başlayacaq.
O bildirib ki, klinika həm tibbi xidmətlərin keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq, həm də ixtisaslı kadrların hazırlanmasına güclü töhfə verəcək:
“Klinikanın yaradılması ölkədə plastik və rekonstruktiv cərrahiyyəyə artan tələbatdan irəli gəlir. Travmalar, yanıqlar, onkoloji əməliyyatlardan sonra bərpa ehtiyacının çoxalması və estetik cərrahiyyəyə marağın yüksəlməsi belə ixtisaslaşmış mərkəzin yaradılmasını zəruri edib. Yeni klinika vətəndaşların müalicə üçün xarici ölkələrə getməsinin qarşısını alacaq və beynəlxalq standartlara uyğun tibbi xidməti ölkə daxilində təmin edəcək”.
