Bakı. Trend:
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənub bölgələrindən çıxmayacaq və "Hizbullah"a qarşı əməliyyat başa çatdıqdan sonra da Litani çayına qədər olan ərazini nəzarətdə saxlayacaq. İsrail sərhədinə yaxın ərazilərdə livanlıların evləri söküləcək.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, belə bir bəyanatla İsrailin müdafiə naziri İsrael Katz çıxış edib.
“Əməliyyat başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri Livan daxilində, tank əleyhinə raketlərdən müdafiə xətləri boyunca yerləşdiriləcək və Litani çayına qədər bütün ərazini nəzarətdə saxlayacaq. Livanın sərhədə yaxın kəndlərindəki bütün evlər - Rəfa (Qəzza sektorunun cənubunda) və Beyt-Hanun (Qəzza sektorunun şimalında) bölgələrində edildiyi kimi - söküləcək”, – deyə Katz bildirib.
Qeyd edək ki, İsrailin Livanda "Hizbullah"a qarşı hərbi əməliyyatları 2026-cı ilin mart ayında, İranla eskalasiyalar fonunda başlayıb. Bu hücumlar İranla bağlı daha geniş qarşıdurmanın tərkib hissəsi kimi qiymətləndirilir. İsrailin əsas məqsədi "Hizbullah"ın hərbi infrastrukturunu zəiflətmək, onu sərhəddən uzaqlaşdırmaq və Litani çayına qədər təhlükəsizlik bufer zonası yaratmaqdır.
