Bakı. Trend:
“Yaşıl Dəhliz Alyansı” (Green Corridor Alliance) birgə müəssisəsi çərçivəsində ötürücü sistem operatorları (TSO) və layihənin beynəlxalq tərəfdaşlarının iştirakı ilə onlayn işgüzar görüş keçirilib.
Trend bu barədə “Yaşıl Dəhliz Alyansı”na istinadən xəbər verir.
Qeyd olunur ki, Azərbaycan görüşdə “Azərenerji” ASC, Qazaxıstan “KEGOK” ASC, Özbəkistan isə “Özbəkistan Milli Elektrik Şəbəkəsi” tərəfindən təmsil olunub.
“Görüşdə həmçinin layihəni dəstəkləyən Asiya İnkişaf Bankının (ADB) və texniki müşavir qismində iştirak edən İtaliya şirkəti “CESI SpA”nın nümayəndələri iştirak ediblər.
İştirakçılar məlumat toplama prosesinin mövcud vəziyyətini, iş zamanı yaranan əsas məsələləri, həmçinin layihənin uğurla həyata keçirilməsi üçün məlumat mübadiləsinin əlaqələndirilməsi və sinxronlaşdırılması mexanizmlərini müzakirə ediblər”, – məlumatda vurğulanıb.
Qeyd edək ki, 4 aprel 2025-ci il tarixində Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankının dəstəyi ilə “Transxəzər Yaşıl Enerji Dəhlizi” təşəbbüsünün birinci mərhələsinin başlanmasını elan ediblər. Təşəbbüs çərçivəsində ölkələr texniki-iqtisadi əsaslandırma (TİƏ) hazırlamaq üzrə əməkdaşlıq haqqında saziş imzalayıblar. Bu saziş üç ölkənin elektrik enerji sistemlərinin inteqrasiyasını və bərpa olunan enerjinin Avropaya çatdırılma marşrutunun yaradılmasını nəzərdə tutur.
