Bakı. Trend:
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və “Xsolla”
şirkətinin tərəfdaşlığı əsasında ərsəyə gələn Xsolla-IDDA
İnkubasiya Proqramına qeydiyyat başlayıb. Proqram Azərbaycan və
regionun fərdi oyun tərtibatçıları, eləcə də erkən mərhələdə olan
oyun komandaları üçün ideyadan başlayaraq minimal işlək məhsulun
yaradılmasını əhatə edən inkişaf strategiyası, beynəlxalq
ekspertlərdən mentorluq dəstəyi və peşəkar bacarıqların inkişafı
istiqamətində geniş imkanlar yaradır.
Trend xəbər verir ki,
Xsolla-IDDA İnkubasiya Proqramı bu ilin aprel–iyun aylarında hibrid
formatda (oflayn və onlayn) ingilis dilində keçiriləcək. Proqram
çərçivəsində iştirakçılara 50-dən çox beynəlxalq oyun sənayesi
eksperti ilə işləmək imkanı yaradılacaq, fərdi mentorluq
sessiyaları təşkil olunacaq, həmçinin oyun dizaynı, oyun
tərtibatçılığı və biznesi üzrə ixtisaslaşmış təlimlər keçiriləcək.
Bununla yanaşı, iştirakçılara “go-to-market” strategiyasının
hazırlanması və komanda inkişafı istiqamətində dəstək
göstəriləcək.
Ümumilikdə, proqramda seçim mərhələsini uğurla tamamlayan 15 iştirakçının – fərdi tərtibatçıların və ya komandaların iştirakı nəzərdə tutulur. Proqramın sonunda ən yüksək nəticə göstərmiş 4 studiyaya xüsusi mükafatlar təqdim ediləcək. Qaliblər 2026-cı ildə Almaniyanın Köln şəhərində keçiriləcək “Gamescom Cologne” beynəlxalq sərgisinə iki nəfərlik səfər imkanı əldə edəcək, həmçinin “Xsolla” şirkətinin oyun nəşri və monetizasiya alətlərinə pulsuz çıxış qazanacaqlar. Bununla yanaşı, qaliblər investor və oyun nəşriyyatçıları ilə görüşlərdə iştirak edəcək və əlavə olaraq 12 ay müddətində mentorluq dəstəyi ala biləcəklər.
Proqrama müraciət üçün son tarix 14 aprel 2026-cı ildir.
Müraciətlər və proqram haqqında ətraflı məlumat üçün link:
https://forms.gle/7B8Y7AD3mjG95iU47