...

Aprel döyüşləri böyük Zəfərə aparan yolun başlanğıcı idi – Deputat

Siyasət Materials 2 Aprel 2026 11:38 (UTC +04:00)
Aprel döyüşləri böyük Zəfərə aparan yolun başlanğıcı idi – Deputat
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Ordusunun şanlı tarixində mühüm mərhələ kimi qiymətləndirilən Aprel döyüşlərindən artıq on il ötür. Qısa müddət davam etməsinə baxmayaraq, bu hərbi əməliyyatlar ölkəmizin müasir hərb tarixində dönüş nöqtəsi kimi yadda qaldı. Məhz həmin günlərdə əldə olunan nəticələr sonradan 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin strateji və mənəvi təməlini formalaşdırdı.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, cəmi dörd gün davam edən döyüşlər Azərbaycan xalqına böyük qələbə sevinci yaşatdı və tariximizə qəhrəmanlıq səhifəsi kimi həkk olundu:

“Aprel qələbəsi ilə uzun illər ərzində formalaşdırılmağa çalışılan “keçilməz erməni səngərləri” mifi tamamilə darmadağın edildi.

Bu döyüşlər bir daha göstərdi ki, Azərbaycan ordusu yüksək döyüş hazırlığına, müasir hərbi bacarıqlara, möhkəm mənəvi-psixoloji iradəyə və sarsılmaz qələbə əzminə malikdir. Qazanılan uğur yalnız hərbi nəticə deyildi — bu, həm də dövlətin gücünün, ordunun qüdrətinin və xalqın milli birliyinin nümayişi idi”.

Deputat vurğulayıb ki, Aprel döyüşləri Azərbaycanın heç vaxt işğalla barışmayacağını və ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu beynəlxalq ictimaiyyətə açıq şəkildə nümayiş etdirdi.

A.Həsənova bildirib ki, Aprel döyüşləri həm strateji, həm də mənəvi-psixoloji baxımdan Azərbaycana ciddi üstünlük qazandırdı:

“Döyüşlər nəticəsində Azərbaycan Ordusu bir sıra mühüm yüksəklikləri və yaşayış məntəqələrinə nəzarəti təmin etdi. Belə ki, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində bir sıra mövqelər düşməndən azad olundu”.

Deputat qeyd edib ki, düşmən tərəfin əks-hücum cəhdləri uğursuzluqla nəticələndi: “Azərbaycan Ordusu düşmənin irəliləməsinin qarşısını alaraq onu ciddi itkilərə məruz qoydu. Məlumatlara əsasən, 320-dən artıq düşmən canlı qüvvəsi məhv edildi, 500-dən çox hərbçi yaralandı. Qarşı tərəfin 30-a yaxın tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bu isə Ermənistan ordusunun hərbi potensialına ağır zərbə oldu”.

Deputatın fikrincə, Aprel döyüşlərinin ən mühüm nəticələrindən biri psixoloji üstünlüyün əldə olunması idi:

“Uzun illər davam edən atəşkəs şəraitində formalaşmış status-kvo ilk dəfə real şəkildə dəyişdirildi. Azərbaycan cəmiyyəti və ordusu öz gücünə daha böyük inam qazandı.

Bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu müasir müharibə aparmaq qabiliyyətinə malikdir və istənilən anda torpaqlarını azad etmək gücündədir. Məhz bu inam və əminlik 2020-ci ildə başlanan 44 günlük Vətən müharibəsində tam şəkildə öz təsdiqini tapdı.

Aprel döyüşləri əslində böyük Qələbənin başlanğıcı idi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi missiyasını yerinə yetirdi və torpaqlarımızı erməni işğalından azad etdi.

Aprel döyüşləri Ermənistan üçün ciddi xəbərdarlıq olsa da, bu dərsdən nəticə çıxarılmadı. Nəticədə, 2020-ci ildə Ermənistan daha ağır və sarsıdıcı məğlubiyyətlə üzləşməli oldu”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti