Bakı. Trend:
Türk dövlətlərinin yeni strategiyanın hazırlanması xüsusi əhəmiyyət kəsb edir.
Trend xəbər verir ki, bunu Özbəkistanın Baş naziri Abdulla Aripov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinci iclasının gedişində etdiyi çıxışda deyib.
“Biz yeni çağırışlar və mürəkkəb proseslərlə səciyyələnən mühüm bir dövr yaşayırıq. Münaqişələr, iqtisadi bərabərsizlik, texnoloji sarsıntılar və hibrid təhdidlər mürəkkəb beynəlxalq mühit formalaşdırır”, – deyə Aripov bildirib.
Onun sözlərinə görə, beynəlxalq terror və iqtisadi sarsıntılar şəraitində etimad, tarixi yaxınlıq və uzunmüddətli ortaq maraqlara əsaslanan regional təşkilatların rolu xüsusilə vacibdir. Belə şəraitdə Türk dövlətlərinin resurslarını təşkilat çərçivəsində birləşdirmək olduqca önəmlidir.
“Eyni zamanda, xalqlarımızın həyat səviyyəsinin və rifahının yüksəldilməsi üçün şərait yaratmaq zəruridir. Şübhəsiz ki, sammitlərin nəticələrinə əsasən əldə olunmuş razılaşmalar qarşılıqlı əməkdaşlığın genişlənməsinə, ticarət və investisiyaların artmasına töhfə verib. Bu baxımdan, Türk dövlətlərinin inkişafı üzrə yeni strategiyanın hazırlanması xüsusi əhəmiyyət kəsb edir”, – deyə o əlavə edib.
Baş nazirin sözlərinə görə, Özbəkistan təşkilata üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsini dəstəkləyir.
