...

Azərbaycanda ixrac məhsullarının bahalaşması profisit ehtimalını artırır

İqtisadiyyat Materials 2 Aprel 2026 11:22 (UTC +04:00)
Azərbaycanda ixrac məhsullarının bahalaşması profisit ehtimalını artırır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Son vaxtlar əsas ixrac məhsulları üzrə qiymətlərin yüksəlməsi cari əməliyyatlar hesabı profisitinin artma istiqamətində dəyişmə ehtimalı yaradır.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

"Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır. Gömrük statistikasına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkənin xarici ticarətində 1.1 mlrd. ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Mərkəzi Bankın 2026 və 2027-ci illərin sonuna cari əməliyyatlar hesabının profisitli olacağı ilə bağlı proqnozu dəyişməz qalır", - məlumatda qeyd edilib.

Əlavə olaraq qeyd olunur ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib.

"Pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tətbiq edilir. Təminatsız pul bazarında faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində, uçot dərəcəsinə yaxın hərəkət edir. Faiz dəhlizi parametrlərinin azaldılması ilə bağlı son qərar AZIR-in azalması ilə müşayiət olunub. Belə ki, AZIR indeksinin orta günlük səviyyəsi 2026-cı ilin yanvarında 6.70% olduğu halda, bu göstərici fevralda 6.54%-ə, martda isə 6.47%-ə enib. Ötən iclasdan bəri gəlirlilik əyrisində və Mərkəzi Bankın notları üzrə gəlirlilikdə də azalmalar baş verib. Mərkəzi Bank, əsasən 1 həftəlik açıq bazar əməliyyatları ilə pul siyasətindən kənar amillərin AZIR-ə təsirini minimallaşdırıb", - məlumatda qeyd edilib.

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat 2026-cı il may ayının 6-da ictimaiyyətə açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək.

Bildirilib ki, faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar proqnoz və faktiki inflyasiyanın istiqaməti, habelə makroiqtisadi təhlillərin yenilənmiş nəticələri əsasında veriləcək: "Mərkəzi Bank bundan sonra da qiymət sabitliyini təmin etmək üçün sərəncamındakı bütün vasitələrdən istifadə edəcəkdir. İnflyasiya proqnozunun hədəfdən çıxması riski yarandığı təqdirdə adekvat siyasət addımları atılacaqdır".

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə faiz dəhlizinin bütün parametrləri dəyişməz saxlanılıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5 %, yuxarı həddi isə 7,5 % səviyyəsində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti