Bakı. Trend:
AZCON Holding ilə Qazaxıstanın “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.
"Ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirdik.
Görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.
