Bakı. Trend:
İranın Fars körfəzi regionundakı hərəkətləri aqressiyaya cavabdır və özünü müdafiə hüququna əsaslanır, müharibənin başlanğıcı hesab edilə bilməz.
Trend xəbər verir ki, bu fikirlər İran Prezidenti Məsud Pezeşkianın ABŞ vətəndaşlarına ünvanladığı məktubda yer alıb.
“İranın atdığı addımlar qanuni özünü müdafiəyə əsaslanan ölçülü reaksiyadır, müharibə əməliyyatlarının başlanğıcı və ya aqressiyanın göstərilməsi deyil”, – İslam Respublikası rəhbəri vurğulayıb. O həmçinin qeyd edib ki, “İran müasir tarixində heç vaxt aqressiya, ekspansiya və ya kolonializm yolunu seçməyib” və onun sözlərinə görə, Tehran “heç vaxt müharibənin təşəbbüskarı olmayıb”.
Qeyd edək ki, 2015-ci ildə İran və 5+1 qrupu arasında İranın nüvə proqramı ilə əlaqədar Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə razılıq əldə olunub və BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların dayandırılması ilə nəticələnib.
2018-də ABŞ sözügedən plandan çıxması ilə İrana qarşı sanksiyalar tətbiq edib. İranın mərhələli şəkildə planda nəzərdə tutulan məhdudiyyətləri dayandırması digər ölkələr tərəfindən birmənalı qarşılanmayıb. Nəticədə 28 sentyabr 2025-də İran əleyhinə BMT Təhlükəsizlik Şurasının qətnamələri yenidən bərpa olunub.
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 2025-ci ilin may ayında yayımladığı hesabata əsasən, İranın zənginləşdirdiyi uranın həcmi 9 247 kiloqram təşkil edib və 60%-dən yuxarı zənginləşdirilən uranın həcmi isə 408 kiloqramdır.
ABŞ və İran arasında İranın nüvə proqramı ilə bağlı iki dəfə ayrı zamanlarda müzakirələr aparılsa da, tərəflər arasında konkret razılaşma əldə olunmayıb və hər iki müzakirə qarşıdurma ilə nəticələnib. Sonuncu olaraq 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb.
Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib. Sonradan qarşıdurma daha da genişlənərək Yaxın Şərqin müxtəlif ölkələrini əhatə edib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.
