Bakı.Trend:
Azərbaycanda müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinin könüllü qeydiyyat sistemi mövcuddur. Müəlliflər və hüquq sahibləri əsərlərini (musiqi, şeir, kitab, film, rəsm, kompüter proqramı və s.) Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirə bilərlər.
Bu barədə Trend-ə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyindən (COPAT) məlumat verilib.
Bildirilib ki, bunun üçün şəxsən və ya onlayn formada Agentliyə müraciət etmək olar. Hazırda əsərin qeydiyyatını Agentliyə gəlmədən Elektron hökumət portalı vasitəsilə də etmək mümkündür. Bunun üçün müvafiq ərizə və əsərin rəqəmsal versiyası tələb olunur.
2025-ci ildə 512 müəllif-hüquq sahibinin (2024-cü ildə 346 hüquq sahibi) 900 əsəri və ifası (2024-cü ildə 660) qeydiyyatdan keçirilib. O cümlədən elektron qaydada qeydiyyatdan keçirilmiş əsərlərin sayı 660 (2024-cü ildə 543), kompüter proqramlarının sayı 43 (2024-cü ildə 32), ədəbi əsərlərin sayı 370 (2024-cü ildə 197), elmi əsərlər və dərs vəsaitlərinin sayı 111 (2024-cü ildə 75), mətnli və mətnsiz musiqi əsərlərinin sayı 209 (2024-cü ildə 138) və ifaların sayı 37 olmuşdur.
Əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən indiyədək Agentlikdə 17 mindən çox əsər və əlaqəli hüquqların obyektləri qeydiyyatdan keçirilib.
Qeyd edək ki, müəllif hüquqları sahəsində mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, Agentlik tərəfindən verilən qeydiyyat haqqında şəhadətnamə məhkəmələr tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır.
