Bakı.Trend:
Azərbaycanda vətəndaşlara qarşı genişmiqyaslı fişinq kampaniyası aşkarlanıb.
Bu barədə Trend-ə Elektron Təhlükəsizlik Xidmətindən (Milli
CERT) məlumat verilib.
Bildirilib ki, kampaniya çərçivəsində ümumilikdə 580-ə yaxın unikal
Azərbaycan domeninə aid e-poçt ünvanına, eləcə də 12 000-dən çox
vətəndaşa (həm şəxsi, həm də korporativ e-poçt ünvanları daxil
olmaqla) fişinq xarakterli elektron məktublar göndərilib.
Müəyyən edilib ki, bu məktubların məzmununda istifadəçiləri çaşdırmaq məqsədilə hüquq-mühafizə orqanlarının adından hazırlanmış saxta ittiham xarakterli bildirişlər yer alıb.
İstifadəçilərin fərdi məlumatlarını ələ keçirmək məqsədi daşıyan bu hücumlarla bağlı Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara və təşkilatlara aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:
Naməlum və şübhəli mənbələrdən daxil olan e-poçt məktublarını
açmamaq;
E-poçt daxilində yerləşdirilmiş linklərə klik etməzdən əvvəl
onların doğruluğunu mütləq yoxlamaq;
Şübhəli əlavələri (faylları) yükləməmək və açmamaq;
Rəsmi qurumlar adından daxil olan məktubların doğruluğunu həmin
qurumların alternativ rəsmi kanalları vasitəsilə
dəqiqləşdirmək;
Belə hallarla qarşılaşdıqda dərhal Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermək.
Xidmətdən vurğulanıb ki, hazırda sözügedən fişinq kampaniyası ilə bağlı araşdırmalar davam etdirilir və təhlükənin qarşısının alınması üçün müvafiq zəruri texniki tədbirlər görülür.
