...

Azərbaycanda sərnişin və yük daşımalarına yeni qaydalar – tələblər sərtləşdi

Cəmiyyət Materials 1 Aprel 2026 17:47 (UTC +04:00)
Azərbaycanda sərnişin və yük daşımalarına yeni qaydalar – tələblər sərtləşdi
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanda sifarişli sərnişin və yük daşımalarında təhlükəsizliyin artırılması məqsədilə yeni tələblər qüvvəyə minib.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, son dövrlər qeyri-müntəzəm daşımalar sahəsində baş verən qəzaların artması bu dəyişiklikləri zəruri edib. Belə ki, ötən ilin sentyabrında Biləcəri körpüsündə icazəsiz yük avtomobili minik maşınının üzərinə aşıb, dekabrda Sahil qəsəbəsində qanunsuz sərnişindaşıma ilə məşğul olan avtobus qəzaya düşüb, Şəmkirdə isə işçiləri daşıyan mikroavtobus su kanalına aşıb. Bu hadisələr insan tələfatı və xəsarətlərlə nəticələnib.

Mütəxəssislər qəzalara əsas səbəb kimi nəqliyyat vasitələrinin texniki nasazlığını, sürücülərin iş və istirahət rejiminə əməl etməməsini və nəzarət mexanizmlərinin zəifliyini göstərir.

Prezident İlham Əliyevin “Avtomobil nəqliyyatı haqqında” qanuna təsdiqlədiyi dəyişikliklər məhz bu sahədə təhlükəsizlik və xidmət keyfiyyətinin artırılmasına yönəlib.

Yeni qaydalara əsasən, sifarişli sərnişindaşıma fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün əlavə tələblər müəyyən edilib. Bunlara sürücülərin narkotik vasitələrin təsiri altında olmaması barədə tibbi rəy, reysqabağı texniki və tibbi müayinələr, xüsusi hazırlıq kurslarının keçilməsi və imtahan verilməsi daxildir.

Eyni zamanda, sərnişinlərin fərdi qəza sığortası, daşıyıcıların mülki məsuliyyət sığortası və sürücülərin icbari sığortası da tələb olunur. Sürücülər üçün minimum yaş həddi 21, sürücülük təcrübəsi isə ən azı 2 il müəyyən edilib və müvafiq kateqoriya üzrə sürücülük vəsiqəsi tələb olunur.

Qeyd edilib ki, reysqabağı tibbi və texniki müayinə tələbi istisna olmaqla, digər yeni sənədlər hazırda aktiv icazəsi olan daşıyıcılara şamil edilmir və yalnız bu fəaliyyətə yeni başlayan şəxslərə aid edilir.

Qanunvericiliyə əsasən, sifarişli sərnişin və yük daşımaları ilə məşğul olan şəxslər mütləq şəkildə buraxılış vəsiqəsi və buraxılış kartı əldə etməlidirlər. Bu icazələr Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən 7 il müddətinə verilir və ödənişsizdir.

Müraciətlər elektron qaydada “AYNA” informasiya sisteminin “Daşıyıcılar” altsistemi üzərindən həyata keçirilir.

Bildirilib ki, icazə olmadan daşımaların həyata keçirilməsi inzibati məsuliyyət yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti