Bakı. Trend:
Rusiya və Qazaxıstandan yüklərin Azərbaycan və Gürcüstan üzərindən dəmir yolu ilə Ermənistana daşınması bütün tərəflər üçün müsbət nəticə verir.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, bu marşrut üzrə daşımalarla bağlı razılaşma çox qısa müddətdə – bir neçə gün ərzində əldə olunub.
“Otuz ildə ilk dəfə Ermənistana dəmir yolu ilə daxil olan ilk taxıl yükü Rusiyadan gəlib. Hazırda gübrələrin göndərilməsi də başlayır və daşınan məhsulların çeşidi genişlənir. Bu isə bütün tərəflər üçün faydalıdır – həm Rusiya, həm Azərbaycan, həm Ermənistan, həm də Gürcüstan üçün. Hər kəs yeni gəlir mənbəyi əldə edir və bu prosesdə Rusiyanın birbaşa rolu var”, – deyə o bildirib.
Overçuk əlavə edib ki, Rusiya hökuməti region ölkələri arasında ticarətin inkişafında və yük axınının artırılmasında maraqlıdır.
