Bakı. Trend:
Türkmənistan Müasir formatda Böyük İpək Yolunun bərpası çərçivəsində Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişafına xüsusi önəm verir.
Trend xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataquliyev Bakıda keçirilən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökümət başçılarının və vitse-prezidentlərinin ikinci iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əsas vəzifələrdən biri mövcud imkanlardan tam istifadə etməklə iqtisadi tərəfdaşlığın daha da inkişaf etdirilməsidir. Prioritet istiqamətlər investisiya əməkdaşlığının genişləndirilməsi, sənaye kooperasiyasının inkişafı və birgə layihələrin sayının artırılmasıdır:
“Bu prosesdə nəqliyyat-logistika infrastrukturunun inkişafı xüsusi rol oynayır. Türk dövlətlərinin əlverişli coğrafi mövqeyi geniş strateji imkanlar açır və onları beynəlxalq logistika sistemində vacib tranzit qovşaqları kimi çıxış etməyə imkan verir”.
Ataquliyev əlavə edib ki, ölkə üçün Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi, “Lapis-Lazuli” dəhlizi, Xəzər dənizi – Qara dəniz və Mərkəzi Asiya – Yaxın Şərq istiqamətləri kimi marşrutlar mühüm əhəmiyyət kəsb edir. Bu marşrutların inkişafı ticarətin artması və əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.
