Bakı. Trend:
Almaniyanın Keinbaum şəhərində yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
Trend-in məlumatına görə, mərhələnin son günündə Azərbaycan millisinin daha 2 idmançısı yarımfinala vəsiqəni təmin edib.
Gülər Hüseynova (48 kiloqram) Maria Spennato (İtaliya) ilə döyüşüb. Boksçumuz rəqibinə ikinci raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinalda Serana Mali (İngiltərə) ilə üz-üzə gələcək.
Şahin Aslanov (60 kiloqram) da 1/4 final döyüşünü öz xeyrinə bitirib. O, bu dəfə İvaylo Kolevi (Bolqarıstan) məğlub edib – 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29). Boksçunuzun finala gedən yolda rəqibi Ceyson Maher (İrlandiya) olacaq.
Beləliklə, yarımfinalda iştiraklarını rəsmiləşdirməklə özləri üçün bürünc medalı təmin edən boksçularımızın sayı 4-ə yüksəlib. Daha öncə Qardaş Rəhimovla (46 kiloqram) Şükar Əliyev (75 kiloqram) də bu hüquqa yiyələniblər.
Qeyd edək ki, yarımfinal döyüşləri dekabrın 15-də olacaq.
