...

Qazaxıstan Azərbaycan üzərindən neft ixracının yeni yollarını axtarır: Bakı-Supsa nəzər nöqtəsində

İqtisadiyyat Materials 7 İyul 2025 09:53 (UTC +04:00)
Qazaxıstan Azərbaycan üzərindən neft ixracının yeni  yollarını axtarır: Bakı-Supsa nəzər nöqtəsində
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan və Azərbaycan adi logistikanın ötəsində olan enerji tərəfdaşlığının ardıcıl şəkildə möhkəmlənməsini nümayiş etdirir. Regiondakı geosiyasi transformasiyalar, Xəzər dənizi hövzəsinin bir sıra ölkələri üçün ixrac konyukturasının və sanksiya məhdudiyyətlərinin dəyişilməsi fonunda Astana üçün neft ixracı marşrutlarının şaxələndirilməsi məsələsi bu gün həmişəkindən daha aktualdır.

Trend-ə verdiyi müsahibədə Qazaxıstanın energetika naziri Erlan Akkenjenov Bakı-Supsa boru kəmərinin Qara dəniz limanında Qazaxıstan neftinin nəqlinin ən perspektivli istiqamətlərindən biri kimi nəzərdən keçirildiyini bildirib.

“Cari ilin ilk altı ayı ərzində mövcud marşrutlarla təxminən 750 min ton neft nəql edilib, halbuki ötən il bu göstərici təxminən bir milyon yarım ton təşkil edib”, – deyə nazir qeyd edib.

Onun sözlərinə görə, 2025-ci ildə Qazaxıstan eyni həcmdə tədarükləri qorumağı planlaşdırır, lakin əlverişli iqtisadi şərait olacağı təqdirdə həcmlərin artırılmasına da hazırdır. “Biz SOCAR-dakı həmkarlarımızla daimi təmasdayıq və Bakı–Supsa daxil olmaqla, bütün mümkün nəqliyyat dəhlizlərini nəzərdən keçiririk”, – deyə Akkenjenov vurğulayıb.

Bakı-Supsanın rəqabətdəki üstünlüyü

Bakı–Supsa boru kəməri neft tərkibi Qara dəniz sahilində yerləşən emal zavodlarına uyğun olan şirkətlər üçün əhəmiyyətli rəqabət üstünlükləri təqdim edir. Ekspertlərin fikrincə, bu marşrut həm neft istehsalçıları, həm də treyderlər üçün cəlbedici olaraq qalır və Qara dəniz limanlarına sabit çıxış, oradan isə Avropa bazarlarına tədarük imkanı təmin edir.

Bundan əlavə, illik 5 milyon tonadək ötürmə qabiliyyətinə malik bu boru kəməri Qazaxıstan üçün ixrac istiqamətlərinin şaxələndirilməsi şəraitində strateji əhəmiyyətli alternativ olaraq qalır. Bakı–Supsa uzunmüddətli perspektivdə də strateji əhəmiyyətini qoruyur və Azərbaycanın regionda əsas tranzit qoşvağı kimi rolunu möhkəmləndirir.

Boru kəmərlərindən kənara çıxış

Trend-ə özəl müsahibəsində “KazMunayQaz” ASC-nin İdarə Heyətinin sədri Asxat Hassenov vurğulayıb ki, Qazaxıstan və Azərbaycan arasında əməkdaşlıq təkcə neft nəqli ilə məhdudlaşmır.

“Biz hər zaman SOCAR-dakı həmkarlarımızla mümkün bütün əməkdaşlıq variantlarını nəzərdən keçiririk. Bu gün Bakı–Tbilisi–Ceyhan neft kəməri vasitəsilə neft nəqlinin illik sabit artımı müşahidə olunur”, – deyə o qeyd edib.

Hassenovun sözlərinə görə, şirkətlər arasında əməkdaşlıq sənaye təhlükəsizliyi, rəqəmsallaşma və karbonsuzlaşdırma kimi sahələri də ehtiva edir.

“Bu əməkdaşlıq hər iki dövlətin və milli şirkətlərin qarşılıqlı etimad və marağına əsaslanır”, – deyə KMQ rəhbəri sonda bildirib.

Tranzit artımı və genişlənmə perspektivləri

“KazMunayQaz”ın İdarə Heyəti sədrinin birinci müavini Kurmanqazı İskaziev bildirib ki, Qazaxıstan Akta–Bakı–Ceyhan marşrutu üzrə neft tranzitini 2025-ci ildə 1,7 milyon tona çatdırmağı planlaşdırır.

“SOCAR ilə əldə olunmuş razılaşma çərçivəsində Aktau–Bakı–Ceyhan marşrutu üzrə Qazaxıstan neftinin tranzit həcmi 1,4 milyon tona qədər, yəni 27% artırılıb və bu il həmin göstəricinin 1,7 milyon tona çatdırılması nəzərdə tutulur”, – deyə İskaziev Qazaxıstan Energetika Nazirliyinin geniş tərkibdə kollegiyasında çıxışı zamanı bildirib.

Bu artım marşrutun yalnız iqtisadi səmərəliliyini deyil, həm də ölkələr arasında yüksək siyasi və əməliyyat koordinasiyasını göstərir. Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və SOCAR arasında Qazaxıstan neftinin tranzitinə dair baş saziş imzalanıb və 2023-cü ilin martında Kaşaqan yatağından 7 min ton neftin sınaq yüklənməsi həyata keçirilib.

2024-cü ilin yekunlarına əsasən, Qazaxıstandan nəql olunan neftin həcmi 83,5 milyon tona çatıb ki, bu da ötən ilin göstəricisindən 4% çoxdur.

Regionun sabitliyini artıran enerji bağlantısı

Azərbaycan və Qazaxıstan arasında enerji tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə qədəm qoyur – bu tərəfdaşlıq həm ənənəvi neft əməkdaşlığını, həm də “yaşıl” və rəqəmsal təşəbbüslərin inkişafını özündə birləşdirir. Qazaxıstan üçün Azərbaycanın ərazisindən keçən marşrutlar nəqliyyat risklərinin azaldılması və ixrac coğrafiyasının genişləndirilməsi imkanıdır, Bakı üçün isə – Xəzər regionunun əsas enerji axınlarının dünya bazarlarına keçdiyi strateji tranzit qovşağı statusunun möhkəmləndirilməsidir. Eyni zamanda, hər iki ölkə yeni qlobal çağırışlara birlikdə uyğunlaşmağa, yalnız enerji təhlükəsizliyini deyil, həm də iqtisadiyyatlarının davamlı inkişafını təmin etməyə hazır olduqlarını nümayiş etdirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti