Bakı. Trend:
İyulun 7-də Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinə yeni təyin edilən hakimlər - Otari Qvaladze, Fərhad Tutayuk, Rauf Quliyev və Rəşid Rzayev kollektivə təqdim olunub. Tədbirdə Məhkəmənin hakimləri və Aparatın məsul əməkdaşları iştirak ediblər.
Bu barədə Trend-ə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təqdimat mərasimində çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, bu il müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının qəbul olunmasının 30 ili, eyni zamanda, torpaqlarımızın azad edilməsi nəticəsində Konstitusiyamızın bütün Azərbaycan ərazisində hüququnun bərpa edilməsinin – suverenliyimizin 5 ili tamam olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə "Konstitusiya və Suverenlik İli" elan olunması müasir Azərbaycan dövlətçiliyinin inkişafında mühüm hadisə olmaqla, hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir.
Fərhad Abdullayev çıxışında Konstitusiya Məhkəməsinin səlahiyyət müddəti başa çatmış hakimlərinin ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində uzun illər uğurlu fəaliyyətlərindən, məhkəmə-hüquq sistemində xidmətlərindən bəhs edərək, onların Konstitusiya Məhkəməsinin hakimi kimi hər zaman yüksək peşəkarlıq nümayiş etdirdiklərini, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində səylərini vurğulayıb.
Daha sonra Fərhad Abdullayev Konstitusiya Məhkəməsinin yeni hakimlərini vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb və bu təyinatın hüquq ictimaiyyəti üçün önəmini vurğulayıb.
Təyin edilən hakimlər gələcək hakimlik fəaliyyətlərində hüququn aliliyinin təmin edilməsi naminə səylərini əsirgəməyəcəklərini, yüksək hakim adını qorumaqla, onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını ifadə edərək, üzərlərinə düşən məsuliyyəti layiqincə yerinə yetirməyə çalışacaqlarını bildiriblər.
Sədr ölkəmizdə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmış hüquqi dövlət quruculuğundan, Prezident İlham Əliyevin məhkəmə-hüquq sahəsində həyata keçirdiyi mütərəqqi islahatlardan, məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmlənməsindən, Konstitusiyanın aliliyinin təmin olunması və qorunması sahəsində atılan mühüm addımlardan bəhs edib.