Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) zirvə-görüşünün Xankəndidə keçirilməsi mövcud geosiyasi çağırışlar fonunda xüsusi aktuallıq qazanıb.
Bunu Trend-ə müsahibəsində Qazaxıstandan olan siyasi elmlər doktoru Dulatbek Kıdırbekulı bildirib.
Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün əhəmiyyətini şərh edən ekspert qeyd edib ki, Cənubi Qafqazda sürətlə dəyişən geosiyasi vəziyyət fonunda Azərbaycanın rolu xüsusilə ön plana çıxır.
Kıdırbekulı bildirib ki, İranın zirvə-görüşündə iştirakı çoxtərəfli dialoqa marağın göstəricisidir.
“Sammit planlı şəkildə keçirilsə də, mövcud reallıqlar fonunda onun həm rəmzi, həm də praktik baxımdan xüsusi əhəmiyyəti var”, – deyə professor vurğulayıb.
O əlavə edib ki, əsas nəqliyyat və enerji yollarının kəsişməsində yerləşən Bakı regionda yeni təhlükəsizlik və iqtisadi əməkdaşlıq arxitekturasının dayaq nöqtəsinə çevrilmək üçün bütün zəruri şərtlərə malikdir.
Onun sözlərinə görə, İƏT-in inkişaf strategiyasında nəqliyyat və logistika məsələlərinə xüsusi diqqət yetirilir. Həm Azərbaycan, həm də Qazaxıstan üçün Xəzər dənizi vasitəsilə Avropaya uzanan istiqamətlərin inkişaf etdirilməsi prinsipial əhəmiyyət daşıyır. Bu isə Türkmənistan, İran və Əfqanıstan kimi ölkələrlə dayanıqlı razılaşmaların və qarşılıqlı etibarlı münasibətlərin qurulmasını tələb edir.
Kıdırbekulı həmçinin qeyd edib ki, Qazaxıstanın xarici siyasəti Mərkəzi Asiya ölkələri ilə inteqrasiyanın dərinləşdirilməsinə və regionun əsas tərəfdaşları, ilk növbədə Azərbaycanla əlaqələrin möhkəmləndirilməsinə yönəlib. Onun sözlərinə görə, bu, İƏT-in ümumi strategiyasına tam uyğundur və bu çərçivədə Bakı mühüm, bəzi hallarda isə həlledici rol oynayır.
“Qazaxıstanın diplomatik və geosiyasi arenada əldə etdiyi uğurlar bütün Mərkəzi Asiya regionunun uğurudur, bu da öz növbəsində İƏT-ə üzv ölkələrin, ilk növbədə Türkiyə və Azərbaycanın nailiyyətidir”, – deyə professor fikrini tamamlayıb.