Bakı. Trend:
İƏT 17-ci Zirvə görüşünün Xandəndidə keçirilməsi dərin siyasi və rəmzi əhəmiyyət daşıyıb.
Bunu Trend-ə açıqlamasında Pakistanın Ortaq Gələcək İcma Tədqiqat Mərkəzinin (PRCCSF) icraçı direktoru Xalid Taimur Əkrəm deyib.
"Azad olunmuş və sürətlə bərpa edilən bölgədə keçirilən yüksək səviyyəli regional Zirvə görüşü Azərbaycanın sülhə, sabitliyə və inklüziv inkişafa sadiqliyini nümayiş etdirir. Bu, Azərbaycanın ərazilərin reinteqrasiyasında əldə etdiyi uğurun rəmzidir və göstərir ki, postmünaqişə zonaları beynəlxalq əməkdaşlıq üçün platformaya çevrilə bilər", – deyə icraçı direktor qeyd edib.
Xalid Teymur Əkram vurğulayıb ki, sammit Azərbaycanın İƏT-ə üzv ölkələr arasında birliyi möhkəmləndirmək sahəsində liderliyini təsdiqləyir və ümumi iqtisadi, ekoloji və strateji məsələlər üzrə konstruktiv dialoq üçün platforma yaradır. Rəmzi baxımdan bu tədbir yenilənmə və dayanıqlılıq mesajı verərək Azərbaycanın Xankəndini dayanıqlı inkişaf və regional əlaqəlilik mərkəzinə çevirmək niyyətini əks etdirir.
"Zirvə görüşünün şüarı – “Etibarlı və iqlim baxımından davamlı gələcək üçün İƏT-in yeni baxışı” – tədbirin keçirildiyi yerə tam uyğundur: gələcəyə yönəlik strategiyalar əsasında yenidən qurulan bir bölgə. Yüksək səviyyəli iştirak beynəlxalq ictimaiyyətin Azərbaycanın regionun gələcəyinin formalaşdırılmasındakı roluna olan etimadını göstərir", – deyə o əlavə edib.
İqlim gündəminə gəlincə ekspert qeyd edib ki, bu məsələ zirvə toplantısında əsas mövzulardan birinə çevrilərək iştirakçı ölkələrin "yaşıl" iqtisadiyyata keçidə sadiqliyini əks etdirib.
"Azərbaycanın liderliyi dayanıqlı inkişaf, təmiz enerji və ekoloji təhlükəsizlik mövzularına vurğu etməklə bir daha ortaya çıxdı", – deyə o bildirib.
O qeyd edib ki, bərpa olunan enerji, enerji səmərəliliyi və kənd təsərrüfatı ilə sənayedə “ağıllı” texnologiyalara diqqət regionun ekoloji yönümlü inkişaf baxışını göstərir. Vacib təşəbbüslər sırasında Qırğızıstanın “Dağ gəncliyi və iqlim” platforması və İƏT-in Təmiz Enerji Mərkəzinin yaradılması var ki, bu da iqlim yönümlü əməkdaşlığa strateji dönüşü əks etdirir.
"Bu səylər İƏT-in 2025-ci il baxışına tam uyğundur və təşkilatı qlobal iqlim idarəçiliyində fəal iştirakçı kimi mövqeləndirir. Sammit İƏT-in iqlim diplomatiyasındakı rolunun möhkəmlənməsi və üzv ölkələrin dayanıqlı inkişafa keçidi baxımından əhəmiyyətli addım oldu", – deyə ekspert bildirib.
Rəqəmsal infrastruktur məsələlərinə toxunan ekspert dayanıqlı rəqəmsal sistemlərin inkişafını və vahid platformanın yaradılmasını Orta Dəhliz üzrə logistik imkanların optimallaşdırılması, həmçinin elektron ticarət və idarəetmədə inteqrasiyanın gücləndirilməsi üçün əsas addımlar kimi qeyd edib.
"Rəqəmsal əlaqəlilik – regional inkişaf və iqtisadiyyatın müasirləşdirilməsinin təməlidir. Yeni nəqliyyat marşrutlarının rəqəmsal sistemlərlə tamamlanması səmərəliliyi, şəffaflığı və əlçatanlığı təmin edəcək", – deyə o izah edib.
Ekspert əlavə edib ki, vahid rəqəmsal platforma ticarət prosedurlarını sadələşdirəcək, məsrəfləri azaldacaq və kiçik biznes və sahibkarlar üçün bazarları genişləndirəcək, elektron idarəetmənin inteqrasiyası isə dövlət xidmətlərinin keyfiyyətini və İƏT ölkələri arasında qarşılıqlı etimadı artıracaq.
"Bu, regional ticarət və nəqliyyat potensialının üzə çıxarılmasına, dayanıqlı inkişafın, innovasiyaların və daha dərin iqtisadi inteqrasiyanın təşviqinə imkan yaradacaq", – deyə Xalid Teymur Əkrəm qeyd edib.
Gənclər, qadınlar və biznesin rolu barədə danışan ekspert bildirib: "Onlar İƏT-in uzunmüddətli strategiyasının həyata keçirilməsində əsas rol oynayırlar və inklüziv və dayanıqlı inkişafın təminatçısıdırlar. Gənclər yeni ideyalar və rəqəmsal bacarıqlar gətirir, qadınlar sosial tarazlığı və məhsuldarlığı artırır, biznes isə məşğulluq və investisiyanın hərəkətverici qüvvəsidir".
“İƏT birgə sənaye layihələrinin yaradılmasına, aqrotexnologiyaların inkişafına və layihə iqtisadiyyatı ilə institutların potensialının artırılması vasitəsilə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə çalışır”, – deyə ekspert bildirib.
Sonda o vurğulayıb ki, iştirakçıların birgə səyləri innovasiyaları təşviq edə, məhsuldarlığın artımını sürətləndirə və İƏT-in rolunu gücləndirə bilər.