Bakı. Trend:
“mygov” platformasında vətəndaşların tibbi məlumatlara çıxışı imkanları genişləndirilib.
Trend xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi məlumat yayıb.
Bildirilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) birgə təşəbbüsü ilə bir sıra yeni tibbi məlumatlar platformaya inteqrasiya olunub. Artıq vətəndaşlar “mygov” platformasının “Tibb məlumatlarım” bölməsi vasitəsilə aşağıdakı tibbi məlumatlara rahatlıqla baxa bilərlər:
• Sağlamlıq haqqında tibbi arayış
• Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış
Bununla yanaşı, elektron xəstəlik vərəqələri üzrə məlumatlar da “mygov” platformasına inteqrasiya olunub. İRİA ilə Səhiyyə Nazirliyinin birgə əməkdaşlığı nəticəsində həyata keçirilmiş bu inteqrasiya sayəsində vətəndaşlar “Tibb məlumatlarım” bölməsində “Elektron xəstəlik vərəqələri məlumatları” alt bölməsinə daxil olaraq sənədlə tanış ola bilirlər.
Digər bir yenilik isə əlillik ilə bağlı məlumatlara rəqəmsal çıxış imkanının yaradılmasıdır. Bu məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində platformaya əlavə olunub. İndi istifadəçilər “Əmək və maliyyə məlumatlarım” bölməsində “Əlillik barədə məlumatım” alt bölməsinə daxil olaraq müvafiq məlumatları rahat şəkildə izləyə bilirlər.
Qeyd edək ki, dövlət qurumları ilə güclü əməkdaşlığın və koordinasiyanın nəticəsi olaraq həyata keçirilən bu yeniliklər vətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş və çevik çıxış imkanı yaradır.