Bakı. Trend:
Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə ölkəmizə səfərə gələn Mərakeşin nüfuzlu media orqanlarının rəhbərləri və təmsilçiləri Xankəndi və Şuşada olublar.
Komitədən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində əcnəbi jurnalistlər ilk olaraq Xankəndinin Zəfər meydanını ziyarət ediblər.
Bildirilib ki, onlara şəhərin tarixindən, mövcud vəziyyətindən, sosial və mədəni həyatından, eləcə də bölgədə gedən proseslərdən bəhs edilib. Xankəndinin strateji əhəmiyyəti, həyata keçirilən bərpa işləri və gələcək inkişaf perspektivləri diqqətə çatdırılıb.
Daha sonra nümayəndə heyəti Qarabağ Universitetində olub. Görüş zamanı qonaqlara universitetin elmi-tədqiqat istiqamətləri və beynəlxalq əməkdaşlıq imkanları barədə geniş məlumat verilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Qonaqlar Xankəndidən Şuşaya yola düşüblər. Cıdır düzü, Güllələnmiş heykəllər, Şuşa qalası, Gəncə qapısı, İsa bulağı və Yuxarı Gövhərağa məscidini ziyarət ediblər. Onlara şəhərin tarixi və Şuşada Azərbaycan mədəni irsinə qarşı erməni vandalizmi haqqında danışılıb. Onlar işğal dövründə ermənilərin Şuşada mədəniyyət abidələrinə və məscidlərə qarşı törətdiyi vandalizm aktlarını qətiyyətlə pisləyiblər. Qonaqlar şəhərdə aparılan sürətli bərpa və yenidənqurma işlərini yüksək qiymətləndiriblər.
Qeyd edilib ki, bu cür səfərlər Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.