Bakı. Trend:
Kiçikhəcmli gəmilərə texniki baxış FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilir.
Bunu Trend-ə açıqlamasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili deyib.
O qeyd edib ki, texniki baxış 2 qrupa bölünür: ilkin və illik texniki baxış.
"İlkin texniki baxış kiçikhəcmli gəmilərin dövlət qeydiyyatından əvvəl həyata keçirilir. İlkin texniki baxış zamanı gəminin texniki sənədləri yoxlanılaraq gəminin tutumu, onun yük və sərnişingötürmə qabiliyyəti üzrə texniki tələblər və normalar, mühərriklərin gücü və sayı, yelkənlərin sahəsi, üzmə rayonu, suüstü bortun minimal hündürlüyü, gəminin üzə biləcəyi dalğa hündürlüyü, gəmidə xilasetmə və yanğın əleyhinə vasitələr, siqnal işıqları, naviqasiya və digər avadanlıq ilə təchizatı müayinə olunur.
İlkin texniki baxış aktında qeyd olunan şərtlər və normalar sözügedən nəqliyyat vasitəsinin gəmi biletində əks olunur. Gəmi biletində xüsusi ştampla texniki baxış haqqında texniki baxışı həyata keçirən vəzifəli şəxsin imzası ilə təsdiqlənən qeyd aparılır və üzməyə yararlı olması barədə texniki talon verilir".
A.Əlili qeyd edib ki, illik texniki baxış gəminin istifadəsi bir il tamam olmamışdan əvvəl həyata keçirilir.
"Gəminin üzməyə yararlılığının təyin edilməsi üçün illik texniki baxış zamanı gəmidə texniki sənədlərin mövcudluğu, gəminin əsas elementlərinin dəyişməzliyi, onun texniki vəziyyəti, avadanlığının yerində olması və təchizatı müəyyən edilmiş normalara uyğunluğu yoxlanılır və istismar şərtləri dəqiqləşdirilərək, gəmiyə texniki talon verilir. Cari ildə ilkin texniki baxışı keçən gəmilər həmin ildə zərurət olmadan illik texniki baxışdan keçmirlər.
İllik texniki baxışın keçirilməsi ilkin texniki baxış aktının nəticələrinə istinad edilərək, ildə bir dəfədən az olmayaraq aparılır. İllik texniki baxışın nəticəsi olaraq gəmilərin texniki vəziyyəti, istismara yararlılığı müəyyənləşdirilir və istismarına icazə verilir".
Şöbə rəisi qeyd edib ki, texniki nəzarətin həyata keçirilməsi vaxtı və qrafiki gəmi sahiblərinin və gəmilərin dayanacaq bazalarının sahiblərinin nəzərinə çatdırılır.
"Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat yerləşdirilir, həmin məlumat media vasitəsilə də yayılır.
Kiçikhəcmli gəmilərin texniki baxışı bir qayda olaraq gəminin hərəkəti zamanı həyata keçirilir. Xidmətin əməkdaşları zəruri hallarda kiçikhəcmli gəmi sahibindən yoxlama prosesində müvafiq şəraitin yaradılmasını (yəni gəminin sahilə yaxınlaşması, lövbər atılması və sairə) tələb edə bilər", - deyə o qeyd edib.